Anar Bağırov bir qrup vəkili təltif etdi - FOTOLAR
Vəkillər Kollegiyasının bir qrup üzvü vəkillərin peşə bayramı - "Vəkil günü" münasibətilə Fəxri fərman və "Azərbaycan vəkilliyinin 100 illiyi" yubiley döş nişanı ilə təltif olunub.
E-huquq.az-ın məlumatına görə, tədbirdə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov son illər Azərbaycan vəkilliyinin əldə etdiyi uğurlardan danışıb.
O bildirib ki, Azərbaycanda vəkillik fəaliyyəti kifayət qədər perspektivli sahəyə çevrilib. Vəkilliyinin nüfuzunun artması gənc hüquqşünasların vəkilliyə marağını artırıb. A.Bağırov son üç il ərzində vəkillərin sayının iki dəfə artdığını deyib. Onun sözlərinə görə, bu, ölkəmizdə vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinə müsbət təsir göstərir.
Sədr, həmçinin Azərbaycanda vəkil bürolarının sayının artmasını da vəkilliyin inkişafı istiqamətdə böyük uğur kimi qiymətləndirib. O bildirib ki, həm Bakıda, həm də regionlarımızda açılan yeni vəkil bürolarında bütün müasir şərait yaradılıb. A.Bağırov keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi üçün vəkillərin iş şəraitinin və fəaliyyət göstərdikləri yerlərin yüksək standartlara cavab verməsinin əhəmiyyətini, bu məsələnin Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamında da öz əksini tapdığını qeyd edib.
Sədr vəkilləri narahat edən məsələlərə də toxunub və mövcud problemlərin həlli istiməqtində davamlı olaraq işlər görüldüyünü deyib.
Daha sonra A.Bağırov Vəkillər Kollegiyasının gələcək planlarından danışıb və Azərbaycanda vəkiliyin inkişafı üçün bütün vəkillərin birgə səy göstərməsinin vacibliyini vurğulayıb.
O, 28 dekabr - "Vəkil günü" münasibətilə bütün vəkilləri təbrik edib və onlara uğurlar arzulayıb.
Sonda sədr təlif olunan 60-dək vəkilə Fəxri fərman və "Azərbaycan vəkilliyinin 100 illiyi" yubiley döş nişanını təqdim edib.