azia.az
azia.az

Vəkillər Kollegiyasının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

28-12-2021, 10:55

Vəkillər Kollegiyasının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-i “Vəkil günü” peşə bayramı kimi qeyd edilir. Bununla bağlı Vəkillər Kollegiyası tərəfindən silsilə tədbirlər həyata keçirilməkdədir.

E-huquq.az xəbər verir ki, tədbir çərçivəsində bu gün Vəkillər Kollegiyasının məsul şəxsləri, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş namizədlər Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Kollegiya sədri Anar Bağırov başda olmaqla, kollegiya üzvləri və namizədlər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.

Sonra Şəhidlər xiyabanını ziyarət edən vəkillər Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini anıblar, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Daha sonra sədr Anar Bağırov jurnalistlərə açıqlamasında bildirib ki, son illər Azərbaycanda vəkillik sahəsində böyük islahatlar aparılıb: "Bu gün 113 nəfər vəkilliyə namizəd and içəcək və vəkillliyə qəbul olunacaq. Beləliklə, ölkədə vəkillərin sayı 2132 nəfərə çatacaq. İlk dəfə olaraq, ölkə tarixində vəkilllərin sayı 2100 nəfəri keçəcək. Vəkillik müasirləşir, təkmilləşir. Vəkillikdə elektron xidmətlər göstərilir. Bu gün hər bir vəkilin elektron kabineti var. "Elektorn məhkəmə" sisteminə inteqrasiya davam edir. Eyni zamanda dövlət hesabına göstərilən hüquqi yardım sahəsində böyük islahatlar aparılır. Məlum olduğu kimi, 2020-ci ildən etibarən bütün bu proses Vəkillər Kollegiyası tərəfindən idarə olunur. Nəzərinizə çatdırım ki, yalnız 2021-ci ildə 30 min qərara yaxın dövlət hesabına hüquqi yardım göstərilib. Yəni bu cinayət prosesini həyata keçirən orqanların qərarlarıdır, mülki işlər üzrə məhkəmənin qərarlarıdır. 30 min nəfərə yaxın Azərbaycan vətəndaşına dövlət hesabına hüquqi yardımı göstərən Azərbaycan vəkilləri üzərinə düşən hüquq və vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar".

Sədr eyni zamanda xeyli sayda vətəndaşa ödənişsiz hüquqi yardım göstərildiyini də diqqətə çatdırıb: "Təkcə ötən il yüzlərlə vətəndaşa, həm şəhid ailələrinə, həm qazilərə, həm aztəninatlı şəxslərə tamamilə pulsuz hüquqi yardım göstərilib. Əslində vəkillər bunu qarşılarında duran bir vəzifə kimi qəbul edirlər və bu proses bütün ölkəni əhatə edir. Ölkəmizdə bu gün 110-a yaxın vəkil bürosu fəaliyyət göstərir. Azərbaycan vəkilliyi inamla inkişaf edir. Hesab edirəm ki, ilbəil ölkəmizdə vəkillərin və vəkil bürolarının sayı daha da artacaq. Hər bir Azərbaycan vətəndaşı ehtiyacı olduğu halda, ona yüksək keyfiyyətli, peşəkar hüquqi yardım göstərilməsinə əmin ola bilər".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi