"Bu gün vəkil olmaq hüquqşünaslar üçün imic məsələsidir"
"Azərbaycanda vəkilliyin inkişafı vəkilllərin sayının artırılmasında özünü biruzə verir. Müxtəlif dövlət və qeyri-dövlət qurumlarında fəaliyyət göstərən təcrübəli hüquqşünaslar vəkil olmaq arzusundadırlar. Bu gün vəkil olmaq hüquqşünaslar üçün bir imic məsələsidir. Düşünürəm ki, vəkil adını daşımaq hər bir Azərbaycan hüquqşünasının arzusudur".
Bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Bakıda yeni fəaliyyətə başlayan “Sirius” Vəkil Bürosunda yaradılan şəraitdən danışan sədr bildirib ki, büroların sayının artması vətəndaşların hüquqi yardıma çatımlılığını artırır.
"Ölkəmizdə vəkil bürolarının sayı artıq 110-u keçib. Bütün bürolarda beynəlxalq standartlara cavab verən və vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almasını təmin edən şərait yaradılıb. Biz bundan sonra da həm Bakıda, həm də regionlarda yeni vəkil bürolarının açılmasına hər cür dəstək verəcəyik", - deyə A.Bağrov qeyd edib.