Məhkəmə sədri: "Bu gün Azərbaycan vəkilliyi köklü surətdə dəyişib"
"Bu gün ölkəmizdə insan və vətəndaş hüquqlarının peşəkar müdafiəsinin təmin edilməsi istiqamətində dövlətimiz tərəfindən çoxsaylı tədbirlər və layihələr icra edilməkdədir. Bu, nəinki vəkilliyin, həmçinin ümumən məhkəmə-hüquq sisteminin ən mütərəqqi meyarlara cavab verəcək şəkildə təşkilini ehtiva etməkdədir. Azərbaycan dövlətinin ali məqsədi insanın, vətəndaşın hüquq və azadlıqlarının qorunmasıdır. Bu azadlığın qorunması dedikdə ilk növbədə vəkillik fəaliyyəti ağıla gəlir".
E-huquq.az xəbər verir ki, bunu Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rzayev “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun rəsmi açılış mərasimində çıxış edərkən deyib.
R. Rzayev qeyd edib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı islahatlar vəkillik sahəsini də əhatə edir. Vəkilliyə dövlət səviyyəsində göstərilən diqqət və qayğı nəticəsində bu sahədə nəzərəçarpacaq dərəcədə irəliləyişlər əldə olunub: "Cənab Prezidentin siyasəti nəticəsində vəkillərin müstəqil fəaliyyəti üçün bütün zəruri şərait yaradılıb.
Eyni zamanda onu da deyə bilərəm ki, Anar Bağırov Vəkillər Kollegiyasının sədri seçiləndən sonra vəkilliyin intibah dövrü başlayıb, vəkillik köklü surətdə dəyişib: "Hesab edirəm ki, Anar Bağırovun vəkilin və vəkilliyin nüfuzunu qaldırmasının nəticəsidir ki, bu gün Azərbaycanda belə bürolar açılmağa başlayıb".