"Vəkilin qaldırdığı vəsatətə baxılmırsa, məhkəmənin yekun qərarı ədaləti ifadə etməyəcək"
"Anar Bağırovun qaldırdığı məsələ ictimai fikirdə həqiqətən də böyük müzakirə doğurdu. Yalnız hüquq cəmiyyətinin nümayəndələri deyil, eyni zamanda müxtəlif fəaliyyət sahəsindən olan insanlar da bu müzakirələrə qoşuldular. Onlar məsələnin mahiyyətinə düzgün vararaq Vəkillər Kollegiyasının rəhbərliyinin müraciətini düzgün qiymətləndirdilər. Düşünürəm ki, Anar Bağırov bu müraciəti ilə çox cəsarətli mövqe nümayiş etdirdi".
Bunu e-huquq.az-a açıqlamasında millət vəkili, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Vəkillər Kollegiyasının sədri Anar Bağırovun məhkəmələr tərəfindən vəkillərin qaldırdığı vəsatətlərin heç bir əsaslandırma olmadan rədd edilməsi barədə müraciətinə münasibət bildirərkən deyib.
Onun fikrincə, Anar Bağırovun ötən illər ərzində Azərbaycanda hüquqi cəmiyyət quruculuğu yolunda ən mühüm institutlardan biri olan vəkilliyin sistemli, peşəkar, eyni zamanda səlahiyyətli bir təsisata çevrilməsi üçün atdığı addımlar məhz qeyd olunan açıqlamanı meydana gətirmiş oldu: "Yəni, yalnız o ideyalara malik olan insan belə bir addım ata bilərdi. Burada söhbət qətiyyən kimlərinsə qələmə vermək istədiyi kimi məhkəmə sistemi ilə müxtəlif təsisatlar, yaxud hakimiyyət qolları, o cümlədən qeyri-dövlət institutları arasında parçalanmadan, dərin ziddiyətlərdən getmir. Ancaq hər bir problem çözülməlidir. Əgər vəkillərin qaldırdıqları vəsatətlər hakimlər tərəfindən kütləvi olaraq rədd edilir və əsaslandırılmırsa, bu nəinki hüquqi müdafiənin baş prinsiplərinə ziddir, eləcə də bütövlükdə vətəndaşın maraq və manafeləri, onların azadlıqlarını əngəlləyir".
Komitə sədri qeyd edib ki, burada sadəcə vəkillər zərbə altında qalmır, onların müdafiəsinə çıxdığı insanlar artıq bu və ya digər formada hakimiyyətin bir qolundan narazı düşürlər: "Biz nəzərə alsaq ki, hakimlər qərarları dövlət adından çıxarırlar, hökmləri verərkən məhz belə də dilə gətirilir, bu nəticə etibarilə ən sonda dövlətin özünə mənfi münasibətə səbəb olur. Digər tərəfdən, əgər istintaq mərhələsində, yaxud ondan sonrakı dönəmlərdə, o cümlədən artıq məhkəmə baxışı zamanı vəkilin qaldırdığı vəsatətlərə baxılmırsa, ona diqqət göstərilmirsə, deməli, hər bir işlə bağlı sonda çıxarılmış qərarlar artıq ədaləti ifadə etməyəcəkdir, qanunçuluğa söykənməyəcək. Hətta söykənmiş olsa belə, bu artıq müxtəlif qurumlar, strukturlar və peşəkar fəaliyyətlər arasında maraqlar balansının pozulması demək olacaq. Halbuki, məhkəmə sistemi ədalət sözünün simvolu kimi qəbul olunub.
Biz çox arzulayırıq ki, cənab Prezident İlham Əliyevin 2017-ci ildən başladığı, 2019-cu ildə isə müvafiq Fərmanı ilə daha da dərinləşən islahatlar uğurla davam etsin. Orada vəkillərlə bağlı çox mühüm müddəalar da var idi. Biz Anar Bağırovun Vəkillər Kollegiyasına rəhbərlik etməyə başlamasından sonra müxtəlif hakimiyyət institutları, vətəndaş cəmiyyəti ilə yaxından əlaqələri, beynəlxalq təşkilatlarla açıq diskusiyaları, mühüm platformalarda görüşləri, əhəmiyyətli tədbirləri görmüşük. Xüsusilə qeyd etmək lazımdır ki, məhz onun rəhbərliyindən sonra Azərbaycanda vəkillərin sayı əhəmiyyətli dərəcədə artmışdır".
Millət vəkili bildirib ki, Azərbaycan xalqının 30 illik işğala son qoyması, düşmən üzərində qələbə ölkədə insan hüquq və azadlıqları sahəsində yeni münasibətlərə geniş fürsətlər açır: "Bu, tamamilə fərqli bir era kimi xarakterizə olunur. Azərbaycan xalqını mental, kültür baxışlar sistemi, o cümlədən dövlət-vətəndaş münasibətlərində müəyyən dəyişikliklər gözləyir. Bu səbəbdən düşünürəm ki, Anar Bağırovun bu müraciəti onun dövlət ideallarına, Azərbaycanın hazırkı statusu, qalib xalq obrazına tamamilə uyğundur. Biz deyirik ki, bu ölkədə istənilən etnik qruplar, millətlər, xalqlar azad və qanunun ən yüksək təminatı altında yaşaya bilərlər. Əgər bunu bəyan ediriksə, onda bir məhkəmə sistemi vəkili gücsüz vəziyyətə gətirəcəksə, onu saymayacaqsa, bu halda vəkil müqavilə bağladığı şəxslərlə necə davrana bilər? Bu, onların arasındakı bağlara zərbə vurur axı. Vətəndaşlar nə etməlidirlər?! Hansısa başqa ölkələrdə olan kriminal dairələrə müraciət etməlidirlər?! Buna necə yol vermək olar?! Azərbaycan 1990-cı illərdə belə ağır şəraiti yaşayıb. Kimsə silah gücünə özünün ya haqq, ya da nahaq olduğunu göstərib. Biz isə deyirik ki, Azərbaycanın ən böyük məramı, cənab Prezidentin ortaya qoyduğu iradə qanunların işlədiyi bir cəmiyyətdir. Məhkəmə sistemi, qanunların icrasına nəzarət qurumları, vəkillik təsisatı və onun rəhbərliyinin məcbur olub cəmiyyətə açıqladığı bu mövqeyi dəstəkləməli və bununla əlaqədar addımlar atmalıdır".
Z.Oruc hesab edir ki, məsələ ilə bağlı Milli Məclisin müvafiq komitələri, o cümlədən Prezident Administrasiyasının səlahiyyətli şəxsləri və hakimlər geniş platformada görüş reallaşdıra bilərlər: "Məsələləri bəzən qapalı, digər hallarda isə media qarşısında müzakirə edib, cəmiyyətə problemlər və onların həlli yollarını göstərmək olar. Bir daha qeyd edirəm ki, hər bir halda Vəkillər Kollegiyasının rəhbərliyi yalnız özünün koorporativ mövqeyini düşünmüş olsaydı, belə addım atmazdı. Ancaq hazırkı məram bütövlükdə Azərbaycan cəmiyyətini, xalqını qorumaq ideallarına xidmət edir, ölkə rəhbərinin formalaşdırmaq istədiyi ədalətli Azərbaycan cəmiyyəti məqsədlərinə tamamilə uyğundur".