Çilov adası sakinlərinə ödənişsiz hüquqi yardım göstərildi
Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə olunmuşdur. Göstərilən tövsiyənin icrası ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq 03 iyun tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə, Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı Rayon təşkilatının birgə təşkilatçılığı ilə, “Kəngərli və Partnyorları” Vəkil Bürosu tərəfindən vəkillik tarixində ilk dəfə olaraq helikopter vasitəsi ilə Pirallahı rayonu Çilov adasına gedərək orada yaşayan aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərildi.
Görüşü giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qonaqları və Çilov adası sakinlərini salamlayaraq qeyd etdi ki, artıq on altı ildən çoxdur ki, ölkəmizdə hüquqi, demokratik dövlət quruculuğu prosesi gedir. Azərbaycan Respublikası müstəqilliyə qovuşduqdan sonra demokratik, hüquqi dövlət quruculuğunu özünün inkişaf yolu seçib. Müstəqilliyinin ilk illərində Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşamışdır. 1991-1993-cü illərdə Azərbaycanda hökm sürən xaos, özbaşınalıq, siyasi səbatsızlıq və naşı idarəçilik, vətəndaş müharibəsi təhlükəsi, mövcud vəziyyəti daha da ağırlaşdıran aqressiv separatizm və ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunması qarşıda duran həyati əhəmiyyətli bu vəzifələrin yerinə yetirilməsinə imkan vermirdi. Müstəqilliyinin ilk kövrək addımlarını atan Azərbaycanda dövlət quruculuğu prosesinə başlanması ölkədə, ilk növbədə, sabitliyin bərqərar olmasını zəruri edirdi. Məhz belə ağır şəraitdə xalqın təkidi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev qısa müddət ərzində Azərbaycanda sabitliyi təmin etməyə nail olur və ölkəmiz qarşısında duran taleyüklü dövlət quruculuğu məsələlərini həyata keçirməyə başlayır. Ölkəmizdə sözün əsl mənasında demokratik dəyərlərə əsaslanan hüquq sisteminin formalaşdırılması insanların hüquq və azadlıqlarını müdafiə etməyə, azad, müstəqil ədalət mühakiməsinin bərqərar olmasına yönəlmiş məhkəmə-hüquq islahatlarının həyata keçirilməsini zəruri etmişdir.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərov çıxışında Ümummilli lider Heydər Əliyevin başladığı dövlət quruculuğu prosesinin məhz demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına yönəldiyini, hazırda isə həmin prosesin Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirildiyini bildirib.
Daha sonra görüşdə iştirak edən vəkillər 28 May NQÇİ-nin Akt zalında 60-dək vətəndaşa müxtəlif hüquqi yardım göstərmiş, onların problemləri ilə tanış olmuş, müvafiq məsləhətlər vermiş, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazmışlar. Çilov adasına gediş-gəlişin çətin olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Pirallahı Rayon icra hakimiyyəti tərəfindən gələcəkdə bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulmuşdur.