BTEB-in və Mərkəzi Nəbatat Bağının Elmi şurasının birgə iclası keçirilib
Dekabrın 7-də AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının Mərkəzi Nəbatat Bağının Elmi şurası ilə birgə iclası keçirilib.
Tədbirdə AMEA-nın vitse prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin sədri, akademik İradə Hüseynova, BTEB-nin üzvü Afiq Məmmədov, Torpaqşünaslıq və Aqrokimya İnstitunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, AMEA-nın aqrar məsələlər üzrə müşaviri Qərib Məmmədov, Mərkəzi Nəbatat Bağının baş direktoru Natiq Allahverdiyev, Botanika İnstitutunun baş direktoru Səyyarə İbadullayeva, Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov, Mərkəzi Nəbatat Bağının Elmi şurasının üzvləri və digərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. O, 25-27 noyabr 2021-ci il tarixlərində Rusiya Elmlər Akademiyasının nümayəndə heyətinin Bakıya səfəri, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda BTEB-in institutlarının nümayəndələri ilə keçirilmiş görüş barədə məlumat verib.
BTEB-in Elmi şurasının sədri son dövrlərdə AMEA-da, o cümlədən Mərkəzi Nəbatat Bağında (MNB) həyata keçirilən genişmiqyaslı islahatlar, Natiq Allahverdiyevin MNB-nin rəhbərliyinə gətirilməsi ilə Bağın yenidən qurulması və inkişafı istiqamətində görülən işlər, gedən müsbət proseslər barədə məlumat verib. Nəbatat Bağının tarixi, mandatı və funksiyaları, Akademiya və Azərbaycan üçün mühüm əhəmiyyəti haqqında danışan akademik İradə Hüseynova qeyd edib ki, burada təsərrüfat fəaliyyətləri ilə yanaşı, elmi tədqiqatların da yüksək səviyyədə təşkili prioritet məsələlərdəndir.
Tədbirdə akademik İradə Hüseynova AMEA prezidenti, akademik Ramiz Mehdiyevin sərəncamı ilə AMEA Mərkəzi Nəbatat Bağının icraçı direktoru vəzifəsinə təyin edilmiş biologiya elmləri doktoru, dosent Həsən Babayevi kollektivə təqdim edib. O, Həsən Babayevin həyat yolu, elmi və ictimai fəaliyyəti ilə bağlı yığıncaq iştirakçılarını məlumatlandırıb, bildirib ki, Həsən Babayev 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini Lenin təqaüdü ilə bitirib. 1987-ci ildə Azərbaycan SSR EA-nın Botanika İnstitutunda baş laborant kimi elmi fəaliyyətə başlayan Həsən Babayev 2016-cı ilə qədər həmin institutda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb. 2016-2020-ci illərdə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda aparıcı elmi işçi vəzifəsini tutub, 2020-ci ildən institutun Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasında baş elmi işçidir. Həsən Babayev 1999-cu ildə “Biokimya” ixtisası üzrə namizədlik, 2018-ci ildə elmlər doktoru dissertasiyalarını müdafiə edib, 2004-cü ildə dosent elmi adını alıb. Alim 220-yə yaxın elmi əsərin, o cümlədən 1 monoqrafiyanın müəllifidir. Həsən Babayevin elmi rəhbərliyi ilə 1 fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilib, 2 dissertasiya işi tamamlanıb, 2 iş üzərində tədqiqatlar davam etdirilir. Akademik İradə Hüseynova çıxışının sonunda Həsən Babayevin yeni vəzifədə də uğur qazanacağına əminliyini ifadə edib.
Tədbir iştirakçıları - AMEA-nın müxbir üzvləri Pənah Muradov, Əlövsət Quliyev, AMEA-nın aqrar məsələlər üzrə müşaviri Qərib Məmmədov və digərləri Həsən Babayevi təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıblar.
Daha sonra çıxış edən Bağın icraçı direktoru Həsən Babayev kollektivi salamlayaraq ona göstərilən etimada görə AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevə minnətdarlığını bildirib, yeni təyinatında qarşıda duran vəzifələrin yerinə yetirilməsində var qüvvəsi ilə çalışacağını vurğulayıb.
Sonra tədbirdə Mərkəzi Nəbatat Bağının Elmi şurasının yeni tərkibinin seçilməsi ilə bağlı müzakirələr aparılıb. Səsvermə yolu ilə biologiya elmləri doktoru Həsən Babayev sədr, biologiya elmlər doktoru, professor Elman İsgəndər sədr müavini, biologiya elmlər doktoru, professor Pənah Muradov və biologiya üzrə fəlsəfə doktoru Asif Mehralıyev şura üzvləri təyin olunublar.
Tədbirin sonunda bir sıra kadr məsələlərinə də baxılıb. Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi Sadıq Qarayev Bitki ekologiyası laboratoriya müdiri vəzifəsini icra edən təyin olunub.