azia.az
azia.az

"Tərtər işi" ilə bağlı DÖVLƏT KOMİSSİYASI YARADILSIN... - Yazıçı-publisistdən MÜRACİƏT

19-11-2021, 09:32


Yazıçı-publisist, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar və Azrbaycan Jurnalistlər Birliyinin üzvü Atababa İsmayıloğlu (Hacıbabayev) Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət ünvanlayıb.
"Tərtər işi" ilə bağlı DÖVLƏT KOMİSSİYASI YARADILSIN... - Yazıçı-publisistdən MÜRACİƏT
“Təzadlar”a təqdim edilən müraciətin surətində deyilir:

"Çox hörmətli cənab Prezident və Ali Baş Komandan!

Bu müraciəti Sizə ürək ağrısı və həyəcanla yazıram. Azəbaycan xalqının əksər hissəsi kimi məni də xalq arasında “Tərtər işgəncələri” adlanan hadisələr ciddi narahat edir. Bir qrup hərbçinin və hüquq mühafizə işçisinin prokuror sanksiyası, məhkəmə hökmü olmadan vətəndaşları oğurlayıb, istədikləri məkanlarda saxlaması, orada həzz ala-ala onlara iyrənc üsullarla işgəncələr verməsi, öldürməsi, pullarını, telefonlarını və s. dəyərli əşyalarını oğurlaması, evlərdə icazəsiz axtarış aparması hər bir haqq sevən insanın qəlbində hiddət oyadır. İşgəncələrin metodlarına gəldikdə isə bu bəşər tarixinin indiyə kimi görmədiyi üsullarla keçirilib. Həmin hallar üzrə keçirilən məhkəmə prosesində bu barədə şahidlər, zərərçəkmişlər ifadə verirlər. Hətta bu işgəncələr mülki şəxslərdən və qadınlardan da yan keçməyib. İşgəncə verənlərin əməlləri cəmiyyətdə xof, vahimə yaradıb. Bu zülmü insanlıqdan kənar, dünyanın ən rəzil məxluqları edə bilər. Kim zəmanət verə bilər ki, bu sadistlər sabah bağçalardan uşaqları, məktəblərdən şagirdləri oğurlamayacaq, günahsız insanları qətlə yetirib üstündəki pulları, dəyərli əşyaları mənimsəməyəcək. İşgəncə verənlər cəmiyyətin ən iyrənc, ən alçaq təbəqəsindən çıxan insanlardır. Onlar əsl - nəcabətləri ilə əbədi lənətə məhkum məlunlardır. Tarix, xalq, bəşəriyyət bizi də bu işgəncələrə görə bağışlamayacaq. İşgəncəni görüb susmaq məlunlara köləlikdən başqa bir şey deyil. Mən özümü də bu işgəncələrə görə günahkar sayıram. Çünki ən azından mən bu dövrdə yaşamışam və yaşayıram. Hüquq müdafiəçisi Oqtay Gülalıyev, işgəncəyə, repressiyaya məruz qalanların anaları, bacıları və həyat yoldaşları kimi mübariz olmamışam. Bizim susqunluğumuz yaxşı işlərimizi də kölgədə qoyur. Baxın, İosif Stalin SSRİ üçün nələr etdi. Ölkəni xışla qəbul edib raketlə təhvil verdi. Nəinki Rusiyanı bütün bəşəriyyəti faşizm caynağından xilas etdi. Amma bu gün Stalindən söhbət düşəndə ötən əsrin 37-ci illəri yada düşür. Mir Cəfər Bağırov Azərbaycanda Sumqayıt, Mingəçevir, Daşkəsən, Əli-Bayramlı kimi şəhərlər saldırdı. Onun Respublika üçün gördüyü işlər bu gün də göz qabağındadır. Amma repressiyalara görə xalq bu gün Stalini də, onu da bağışlamır. Baxmayaraq ki, onun sayəsində Azərbaycan xalqı represiyaya ən az düçar olmuş millətlərdəndir.

Tarixin dərslərindən ibrət götürərək Sizdən xahiş edirəm ki, Tərtər cinayətlərinə görə biz hamımız məsuliyyət daşıyırıq. Bir qrup cinayətkar tərəfindən insanların doyə-döyə öldürülməsi, elektrik cərəyanına verilməsi, şəxsiyyətlərinin alçaldılması, oğurlanması, ətlərinin kəlbətinlə qopardılması və s. cinayətkar faktlar göz önündədir. Ömür baqi deyil. Gələcəkdə bizim nəslin ən azından ikrah hissi ilə xatırlanmaması, cinayələrin hüquqi yolla araşdırılması, müqəssirlərin layiqli cəzası üçün xahiş edirəm:

Bu işdə əli olduğu güman edilən bütün səlahiyyətli şəxslər müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılsın.

İşlərin obyektiv araşdırılması üçün Dövlət komissiyası yaradılsın.

Bu işdə ziyan çəkən, əmək qabiliyyətini itirmiş şəxslərə yaşamaları üçün məhkəməyə qədər maddi təminat verilsin.

Cənab Prezident! 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıq xalqımızın Vətənə sədaqətinin rəmzidir. Siz bu qəhrəmanlığın Sərkəsdəsisiniz! Xalq həmin qəhrəmanlığı Aprel döyüşlərində də göstərmişdir. Təəssüf ki, işgəncəyə məruz qalanların əksəriyyəti Aprel döyüşlərində fərqlənənlərdir. İşgəncələrdən sonra onlardan sağ qalıb bədənində azacıq hey qalanları 44 günlük müharibə də könüllü iştirak edib qəhrəmanlıq göstərmişlər.

Cənab Ali Baş Komandan, ölkənin, sərhədlərin qorunması və Dövlətin sarsılmazlığı onun Konstitusiyasına ehtiramdan və qanunların qorunmasından asılıdır.Ürək ağrısı ilə bildirirəm ki, Tərtər hadisələrində heç bir qanunçuluğa riayət olunmamışdır. Tərtər müsibətlərini törədənlər erməni işğalçılarından daha qatı düşməndirlərdir. Bizim nəsil susduğumuz üçün tarix boyu heç də xoş duyğularla yad olunmayaçaq. Nəsillər qarşısında günahımızı yüngülləşdirməyimizin yeganə yolu Dövlət komisiyası yaradılaraq hər kəsə çinayətinə müvafiq çəzanın verilməsidir. Tərtərdə xalqımızın timsalında insanlığa qarşı cinayət töprədilmişdir. İnanırıq ki, Sizin tapşırığınız əsasında bu məsələdə əsl həqiqət üzə çıxarılacaq!

Redaksiyadan: Qeyd edək ki, ölkə mediasında da “Tərtər işi” barədə narahatlıq dolu mövqelər sərgilənir. Bu dəhşətli hadisələri törədənlərin bunu niyə, nə üçün və kimlərin, hansı xarici düşmənlərin sifarişi ilə etdiklərini isə obyektiv araşdırma ortaya qoya bilər. //tezadlar.az//


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi