azia.az
azia.az

Azyaşlı uşaqlara işgəncələrlə bağlı ilginc açıqlamalar

10-12-2019, 11:34

Ötən gün Bakının Zabrat qəsəbəsində azyaşlı uşaqların analığı və atası tərəfindən işgəncələrə məruz qalması xəbəri ictimaiyyətdə hiddətlə qarşılanıb. Jurnalist Elgün Gəncimsoy sosial şəbəkədə işgəncəyə məruz qalan uşaqların fotolarını paylaşaraq bildirib ki, Qulu və Hüseyn adlı qardaşların anası onlar körpə ikən vəfat edib. Himayəsində qaldığı ataları, Ağcabədi rayon sakini Xəqani Kazımov isə Nuranə adlı qadınla ailə qurub. Bundan sonra Nuranə uşaqlara müxtəlif işgəncələr verib.
Azyaşlı uşaqlara işgəncələrlə bağlı ilginc açıqlamalar
Uşaqların dediyinə görə, analıq onların üzünə isti çay töküb, qaz dəmiri ilə döyüb, ayağından asıb, barmaqlarını isti suda yandırıb. Məlumata görə, uşaqlar hazırda ana babasının yanındadır. Onların atasının himayəsindən alınıb babasına verilməsi üçün Sabunçu Rayon Məhkəməsinə müraciət edilib. Uşaqların babası nəvələrinin üzləşdiyi durumla bağlı videomüraciət yayıb.

“Əlbəttə ki, uşaqlara qarşı zorakılıq faktları var. Jurnalistin yazdığını oxudum. Orada uşaqların, babanın dedikləri əks olunur. Lakin uşaqlar çox kiçikdir və onların dediklərinə bir qədər inana bilmirəm”.

Kəmalə Ağazadə: “Mən onların dediklərinə inanmıram”

Bu sözləri Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə işgəncəyə məruz qalan azyaşlı uşaqlarla bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib. Qurum sədri qeyd edib ki, rəsmi qurumlar bu məsələni dərindən araşdırmalıdır: “Bu məlumatı duyandan sonra sosial şəbəkədə bu cür başlıqla paylaşım etdim ki, ”Ümid edirəm, bu olayı Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu araşdıracaq. Bu başlığı elə-belə qoymamışam. Yəqin ki, siz özünüz də müşahidə etmisiz ki, yayılan məlumatlarda babanın müraciəti var və bu bir tərəflidir. Burada çox ciddi ittihamlar, məqamlar var və bunlar mütləq araşdırılmalıdır. Amma kim qarantiya verir ki, onlar qərəzli deyil. Yəni bu günədək analığın və atanın uşaqlara qarşı bu cür qəddarlıqlarını heç kəs görməyib? O döyüntülər, qırılmalar, zədələr, göyərtilər... Bunların hamısı məndə şübhə yaradıb. Bu baxımdan mütləqdir ki, qeyd etdiyim rəsmi qurumlar məsələni dərindən araşdırsın. Əgər həqiqətən ortada qərəz olmazsa, ata və analıq ciddi cəzasını almalı və uşaqlara qəyyum təyin olunmalıdır. Yox, əgər qərəz aşkarlanarsa, baba cəzasız qalmayacaq".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən “Yeni Müsavat”a bildirilib ki, Ağcabədi rayon sakini Tərgiz İbrahimova nazirliyin 102 xidmətinə müraciət edərək mərhum bacısının Sabunçu rayonunda yaşayan iki azyaşlı övladı Hüseyn və Qulunun ataları Xanlar Əkbərov və ögey anaları Nuranə tərəfindən işgəncəyə məruz qalmasını bildirib. Müraciət əsasında Sabunçu RPİ 15-ci Polis Bölməsində təhqiqat aparılıb: “Araşdırma zamanı tərəflərin izahatı alınaraq hər iki azyaşlının aldıqları bədən xəsarətlərinin ağırlıq dərəcələrinin müəyyən olunması üçün məhkəmə tibb ekspertizası təyin olunub. Ekspertlərin rəyinə görə, hər iki azyaşlının bədənlərinin müxtəlif hissələrinə müxtəlif vaxtlarda yetirilən xəsarətlərin sağlamlığa yüngül və az ağır zərər vurmaya aid olduğu müəyyən edilib. Hər iki valideynin uşaqlara əzab verməsi ilə bağlı toplanmış materiallar cinayət işinin başlanması məsələsinə baxılması üçün Sabunçu Rayon Prokurorluğuna göndərilib”.

“Azyaşlı uşaqların ataları və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalması faktı öz təsdiqini taparsa, həmin şəxslər nəinki valideyn hüququndan məhrum ediləcək, hətta onlar inzibati və cinayət məsuliyyətinə də cəlb edilə bilər”.

Elgün Səfərov: “Onlar nəinki valideyn hüququndan məhrum edilə, hətta cinayət məsuliyyətinə də cəlb edilə bilər”

Bu sözləri isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov “Yeni Müsavat”a açıqlamasında bildirib. Komitə rəsmisi qeyd edib ki, faktla bağlı komitə hüquq-mühafizə orqanları ilə birgə araşdırmalara başlayıb: “Nəinki araşdırma aparılır, hətta Ağcabədi rayonundan edilən müraciət əsasında monitorinq komissiyası yaradılıb. Hazırda araşdırma aparılır ki, uşaqlara qarşı işgəncələr bundan əvvəl dəfələrlə törədilsə də, niyə yalnız bu günlərdə aşkarlanıb? Bu zorakılıq haqda məlumatı olanlar, qohumlar niyə bunun dayandırılması üçün tədbir görməyib, aidiyyəti orqanlara məlumat verməyib, reaksiya göstərməyib? Təbii ki, ailədə dəfələrlə zorakılığa məruz qalarsa, uşaqlar onların marağı nəzərə alınaraq, dövlət müəssisəsinə verilir. Lakin bu məsələ əvvəlcə məhkəmə çərçivəsində həll edilir, daha sonra buna təsir mexanizmləri öz yerini tapır. Bütün bunlardan öncə isə uşaqların təhlükəsiz yerdə yerləşdirilməsinə, onlara psixoloji və hüquqi dəstək göstərməyə çalışırıq”.

Elgün Səfərov yayılan məlumatlarla bağlı mətbuata da müraciət edib: “Çox təəssüf ki, artıq iki gündür ki, həm sosial şəbəkələrdə, həm də mətbuatda işgəncəyə məruz qalan uşaqların yaşadığı yer barədə məlumat verilir, üzləri göstərilir, ad-soyadları qeyd edilir ki, bu da yolverilməzdir. Mətbuat nümayəndələrindən xahiş edirik ki, bu məsələyə diqqət edərək, etik prinsipləri pozmasınlar”.

Uşaqların son durumu ilə bağlı vəziyyəti öyrənməyə çalışsaq da, Ağcabədi Rayon İcra Hakimiyyətindən suallarımızı heç kəs cavablandırmaq istəmədi.

Xalidə GƏRAY,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi