azia.az
azia.az

“Tərtər işi” yenidən istintaqa qayıdır? - İLGİNC DETALLAR

4-11-2021, 10:42

“Tərtər işi” yenidən istintaqa qayıdır? - İLGİNC DETALLAR
Üzeyir Cəfərov: “Yeni istintaq hərəkətləri keçiriləcək və hətta ölkə rəhbərliyi səviyyəsində buna qiymət veriləcək”
Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev iki gün öncə “Tərtər işi” ilə bağlı jurnalistlərə açıqlamasında bildirdi ki, qeyri-qanuni şəkildə işgəncə hərəkətləri həyata keçirilib və işgəncə faktlarına görə xeyli həbs olunanlar var. “Tərtər işi”ndə 100-dən çox şəxsə fiziki zorakılıq tətbiq olunub.

Hərbi prokurorun bu açıqlaması cəmiyyətdə “Tərtər işi” ilə bağlı hansısa yeni prosesin başlayacağı rəyini yaradıb.

Xatırladaq ki, 2017-ci ilin mayında Azərbaycanın Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayaraq bir qrup hərbi qulluqçular və digər mülki şəxslərin ölkəyə xəyanət etdiklərini və Ermənistana məlumat ötürdükləri barədə bəyanat yayıb. Onlar bildiriblər ki, Ermənistanın kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb və məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilib və onlar həbs edilib.

Sonradan yayılan iddialara görə, 2017-ci ildə onlarla, bəzilərinə görə isə yüzlərlə hərbçi işgəncələrə məruz qalıb və onlardan “vətənə xəyanət etmələrini” etiraf eləməyi və Ermənistana məlumat ötürənlərin adlarını vermələri istənilib. Hətta mediada dəfələrlə xəbərlər, açıqlamalar olub ki, işgəncə verilənlər əslində günahsız olublar. İşgəncə sifarişini verənlər və bunu həyata keçirənlər öz cinayətlərini ört-basdır etmək, şahidləri aradan götürmək üçün bu cinayətə yol veriblər. Bu işgəncə hallarının əksəriyyətinin Tərtərdə baş verməsi səbəbindən mediada bu hadisələr və iddialara ümumi olaraq “Tərtər işi” adı verilib. Mediada yayılan məlumatlarda hətta bildirilib ki, ən azı 9 hərbi qulluqçu işgəncələrdən ölüb, ancaq bəzi ekspertlər öldürülənlərin sayının daha çox olduğunu bəyan ediblər. Öldürülənlərdən bir neçəsinin ailəsinə ölümlərindən sonra rəsmi məlumat verilib ki, onların təqsiri sübuta yetirilməyib. Yəni günahsız olaraq işgəncəyə məruz qalıblar və öldürülüblər.

Məlumatlarda bunlar da əksini tapırdı ki, 25 hərbçi həbs edilib, yüzlərlə hərbçi zərərçəkən olub. Zərərçəkənlərin dediklərinə görə, 200-ə yaxın hərbçiyə eyni məkanda bənzərsiz işgəncələr verilib. Zərərçəkənlərin ailə üzvlərinin dediklərinə görə, ümumilikdə 1700-dən çox hərbçiyə işgəncə verilib. İşgəncələrə məruz qalanların çoxu aprel döyüşlərində xüsusi fəallıq nümayiş etdirmiş, vətənpərvərliyi, peşəkarlığı ilə seçilən hərbçilər olublar.

Nədənsə, məhkəmə işgəncələr faktını araşdırmayıb və həbs edilən hərbçilər barədə uzunmüddətli azadlıqdan məhrumetmə barədə hökm çıxararkən yalnız onların öz ifadələrinə istinad edib. Halbuki həbsdə olan hərbçilər işgəncələr altında etirafedici ifadələr verdiklərini bildiriblər.

Bu bənzərsiz işgəncələrin məqsədlərindən biri əsl xəyanətkarları və satqınları gizlətmək üçün törədilmiş cinayətləri başqalarının üzərinə yıxmaq olub.

Dəfələrlə çağırışlar edilib ki, “Tərtər işi” cəmiyyət tərəfindən, hüquq-müdafiəçiləri, müstəqil jurnalistlərin də daxil olacağı yeni bir komissiya tərəfindən yenidən araşdırılmalı, bu işgəncələri və insan faciələrinə yol açan əsl xəyanətkarları taparaq, işgəncə verməyi əmr edənləri cəzalandıraraq, günahsız şəxslərə bəraət və kompensasiya verilməsi təmin edilməlidir.

Üzeyir Cəfərov: “Azərbaycan ordusunun güclənməsini istəmirlər”

Üzeyir Cəfərov

İndi hərbi prokuror Xanlar Vəliyevin verdiyi məlum açıqlama yeni gəlişmənin olduğunun xəbərçisi kimi qiymətləndirilir. Bu barədə hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, “Tərtər işi” adlanan yara get-gedə dərinləşir, ona görə də hərbi prokuror Xanlar Vəliyev məlum açıqlamanı verməli oldu: “Halbuki Xanlar Vəliyev xeyli müddət öncə bildirmişdi ki, ”Tərtər işi" ilə bağlı işgəncələrin olduğu barədə deyilənlər nağıldır. Artıq hərbi prokuror da fərqindədir ki, bu cinayəti ört-basdır etmək mümkün olmur. Ona görə də bəzi etiraflar etdi. Çox təəssüflər olsun ki, bəziləri özlərini qanunlardan üstün sayıblar və məlum mənzərə də heç kimə xoş deyil. Bir qrup özünü qanunlardan üstün sayan adam Azərbaycan Ordusunun ruhunu sındırmaq üçün cinayətlərə yol veriblər. İndiyə qədər mediada dəfələrlə həmin adamların sırasında generalların, polkovniklərin, vəzifəli şəxslərin olduğu adlarla qeyd edilib. Vaxtında tədbirlər görülsəydi, düzgün addımlar atılsaydı belə hallar baş verməzdi.

Bəziləri iddia edirlər ki, müharibədə qalib gəlmiş ordu haqda bu cür xəbərlərin sistemli, davamlı şəkildə yayılması təsadüfi deyil. Bu, bəzi qüvvələrin ölkəmizə, Silahlı Qüvvələrə qarşı planıdır. Əksəriyyət bu xain planda alət olduğunun fərqində deyil, Ordumuzun gözdən salınma prosesində vasitə edilməsini fərq etmir. Mən isə hesab edirəm ki, baş verən qanunsuzluqları ictimailəşdirib cinayətkarların cəzalandırılmasını tələb etmək qalib ordunu gözdən salmaq üçün deyil, əksinə, ordumuzun nüfuzunu qorumaq üçündür".

Hərbi ekspert qeyd etdi ki, Xanlar Vəliyev indi verdiyi açıqlamanı gərək vaxtında-xeyli əvvəldən verəydi: ““Tərtər işi” söhbəti bütün dünyada yayılandan, beynəlxalq qurumların gündəminə daxil ediləndən sonra bu açıqlamanın verilməsi nə üçündür. Əslində sualın cavabı aydındır. AŞ PA bu məsələ ilə bağlı xüsusi məruzəçi ayırmağa hazırlaşır.

Mən demirəm ki, “Tərtər işi” ilə bağlı indiyə qədər səslənmiş bütün açıqlama və iddiaların hamısı həqiqəti əks etdirir. Amma şübhəsiz ki, qanunsuzluqlar olub, vəzifə səlahiyyətlərini aşanlar olub. Çox suallara hələ aydınlıq gəlməyib. Ona görə də hesab edirəm ki, “Tərtər işi” yenidən araşdırılacaq, yeni istintaq hərəkətləri keçiriləcək və hətta ölkə rəhbərliyi səviyyəsində buna qiymət veriləcək. Düşünürəm ki, hörmətli Xanlar Vəliyev artıq yorulub, yəqin yaxın vaxtlarda onunla bağlı da bir qərar veriləcək".

Etibar SEYİDAĞA,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi