azia.az
azia.az

Revanşistlərə bəd xəbər: Bakı deyən olacaq - sülhməramlılar Qarabağdan gedəcək!

11-11-2021, 09:12

Revanşistlərə bəd xəbər: Bakı deyən olacaq - sülhməramlılar Qarabağdan gedəcək!
Ermənilərin “status” hoqqaları və təxribatları özünə qalacaq; amerikalı ekspert: “Rusiya qüvvələri Bakının Qarabağın qalan hissəsi üzərində suverenliyini bərpa etməsini asanlaşdırmaq niyyətindədir...”
Ermənistan hərbi-siyasi rəhbərliyi bölgədə davamlı sülhü əngəlləməyə davam edir. İlk baxışda paradoksal görünə bilər. Ona görə ki, məntiqlə çoxillik blokadanın götürülməsi, sabitlik, qonşu ölkələrlə əmin-amanlıq içində yaşamaq, əməkdaşlıq və inkişaf hamıdan çox Ermənistana gərəkdir. Ancaq ermənilərin öz “məntiqi” var - məlum xroniki xəstəlikdən qaynaqlanan məntiq.

Müşahidələr göstərir ki, rəsmi İrəvan vaxtı bacardıqca uzatmaqla həbi cəhətcə toparlanmaq və yalnız bundan sonra, yəni əvvəlki əda ilə, guya “bərabər” statusda Azərbaycanla danışıq stolu arxasında əyləşməyi xəyal edir. Bunu gizlətmirlər də. Erməni “ekspertləri” sülh müqaviləsinin imzalanmasını, sərhədlərin delimatasiyası və demarkasiyasını maksimum uzatmağa çağırır, iddia edirlər ki, zaman məhz Ermənistana işləyir. Amma unudurlar ki, Azərbaycan da yerində saymır, qardaş Türkiyə ilə tandemdə hərbi və iqtisadi cəhətcə getdikcə daha güclü dövlətə, regionun daha vazkeçilməz dövlətinə çevrilir. Blokadası davam edən Ermənistanın isə heç bir inkişaf şansı, ümumiyyətlə, şansı yoxdur.

Bununla belə, 10 noyabr kapitulyasiya aktından ötən bir il İrəvan yetkililərinin kövrək sülh prosesinə qarşı saysız-hesabsız təxribatları ilə yadda qaldı. Daima köhnə “status” bayatılarını oxudular, böyük sülh anlaşmasını aparıb uydurma “artsax məsələsi”nə bağladılar. Yəni ölkəmizə qarşı rəsmən ərazi iddiası irəli sürməyə davam etdilər. Və edirlər.

Kapitulyant ölkəni bu xüsusda ruhlandıran və arxayın salan, onu hələ də “yuxarıdan getməyə” həvəsləndirən əsas amil sözsüz ki, torpaqlarımızda müvəqqəti - 5 illiyə yerləşdirilmiş Rusiya sülhməramlılarıdır. Təsadüfi deyil ki, az öncə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyanın Qarabağda sülhməramlı missiyasının müddətinin daha 5 il uzadılacağına əminlik ifadə edib. Yəni bir növ Azərbaycanın da adından danışmaqla siyasi yekəxanalıq edib. Çünki Rusiya hərbçiləri bizim torpaqlardadır və rəsmi Bakı razılıq verməsə, 4 il sonra onlar ərazimizi tərk eləməli olacaqlar. Qriqoryan isə zənn edir ki, “Qarabağda yaradılan obyektlər Rusiyanın sülhməramlı qüvvələrinin nəzərdə tutulduğundan daha uzun müddət qalacağını deməyə əsas verir”.

Öz növbəsində baş nazir Nikol Paşinyan bugünlərdə yerli İTV-yə müsahibəsində Azərbaycanla sülh müqaviləsinin imzalanmamasına görə faktiki rəsmi Bakını suçladı və yenə “artsax” üçün “öz müqəddəratı təyinetmə” haqqından dəm vurdu. Ardınca Ermənistan müdafiə naziri Arşak Karapetyan nümayişkaranə şəkildə Xankəndinə gedib oradakı qanunsuz erməni silahlı quldur dəstələri ilə təmas qurdu, “fərqlənən (?! - red.) erməni hərbçilərini təltif elədi”. Doğrudur, dərhal Azərbaycan Müdafiə Nazirliyinin sərt xəbərdarlığını da aldı.


Ermənistan prezidenti Aram Sərkisyan isə Rusiyanın “Arqumenti i faktı” nəşrinə müsahibəsində zərrəcə utanıb-qızarmadan, ənənəvi erməni sırtıqlığı ilə Türkiyəyə qarşı sərsəm ərazi iddiasını dilə gətirdi. Sitat: “Biz bir neçə yüz il Osmanlı İmperiyasında, sonra isə Rusiya imperiyasında yaşadıq. Nəticə: Rusiya imperiyasının tərkibindəki Ermənistan respublikası indi müstəqil Ermənistandır. Bəs Osmanlı İmperiyasında olan Qərbi Ermənistan haradadır? Orada yaşayan ermənilər haradadır? Bu gün Rusiyada Ermənistanın özündə olduğu qədər erməni var. Türkiyədə isə onların sayı daha çox idi”.


Görünür, Moskvaya bunca arxayın olmağın nəticəsidir ki, bir ildir rus hərbçilərinin arxasında, siçan deşiyində gizlənən separatçı-quldur tör-töküntülərinin başçısı, özünü komik şəkildə “artsax prezidenti” adlandıran Araik Arutyunyan ötən həftə “artsax müdafiə ordusu”na “növbəti çağırış” haqda “sərəncam” imzalayıb. Gör nə qədər qudurublar. Halbuki üçtərəfli sənədə əsasən “Şeytan yuvası”nda indi bircə silahlı erməni banditi də qalmamalı idi. Ona görə ki, sənədin 4-cü bəndində yazılıb: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir”.

Hanı bəs? Nədən Rusiya tərəfi öz vəzifəsini hələ də yerinə yetirməyib və separatçı ünsürlər orada “dövlətcik” oyunu oynamağa davam edirlər? Bu harasıdır, mifik “artsax”ın mifik “sərhədləri”ni cızmağa, “təmas xətti” yaratmağa və orada “sərhəd postları” qurmağa cəhdlər göstərirlər. Hətta 8 noyabr Zəfər Günü, Prezident İlham Əliyev Şuşada olarkən şəhər ətrafında təxribata belə əl atmağa çalışdılar. Təbii ki, layiqli cavablarını aldılar - biri öldürüldü, üçü yaralandı.

Əlbəttə, bu kimi xoşagəlməz faktlar əsəblərimizi bir qədər də tarıma çəkir. Ancaq bunun sonu da mütləq gələcək. Sadəcə, səbir eləməliyik. Həm də o səbəbə ki, rəsmi Moskva, prezident V.Putin də ermənilərdən və onların başı xəstə liderlərindən fərqli olaraq, Qarabağın Azərbaycana məxsusluğunu heç vaxt şübhə altına almayıb, ələlxüsus 44 günlük qalibiyyətli müharibədən sonra. Demək ki, enində-sonunda yenə Azərbaycan deyən olacaq, İrəvan, Moskva və ya Qərb deyən yox! Ermənilərin “status” hoqqaları və təxribatları özünə qalacaq. Əcnəbi analitiklər də buna şübhə eləmirlər.

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının müddətinin daha 5 il uzadılacağını dilə gətirib və deyib ki, yaradılan obyektlər Rusiyanın sülhməramlı qüvvələrinin nəzərdə tutulduğundan daha uzun müddət qalacağını deməyə əsas verir. Lakin o, Rusiyanın sülhməramlı missiyası başa çatdıqdan sonra belə obyektlərin Azərbaycan qüvvələrinə verilməsinin mümkünlüyünü qeyd etməyib”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu Axar.az-a amerikalı mütəxəssis Endryu Korıbko deyib.

Onun sözlərinə görə, Azərbaycanın Rusiyanın sülhməramlı missiyasının müddətinin uzadılmasına razı olub-olmayacağı hələlik bəlli deyil: “Bakı Qarabağın qalan hissəsi üzərində suverenliyini tam bərpa etməyə çalışır. Rusiya qüvvələri bu prosesi asanlaşdırmaq niyyətindədir və gələcək dörd il ərzində bu proses perspektiv olaraq başa çatdırıla bilər. Əgər Ermənistan sərhədlərin delimitasiyasının və regional ticarət dəhlizlərinin qarşısını almasa, Azərbaycanın rus sülhməramlıların missiyasının uzadılmasına razı olacağı ssenarini təsəvvür etmək çətindir”.

Korıbkonun fikrincə, hətta bu halda belə, bu müddət ərzində nəzərəçarpacaq siyasi irəliləyiş əldə ediləcəyi qaçılmazdır: “Vəziyyətin digər postsovet məkanı ölkələrində olduğu kimi ”dondurulmasına" yol vermək olmaz. Bu, Qarabağın inkişafını ləngidər və potensial olaraq erməni istismarına imkan yaradar. Həmçinin Rusiyanın ərazidəki niyyətləri ilə bağlı suallar yarada bilər. Odur ki, daha 5 il müddətinə uzadılması üçün hansısa praqmatik əsaslı razılaşma olmadığı təqdirdə, əvvəlcədən planlaşdırıldığı kimi, missiyanın vaxtında başa çatması hər kəsin maraqlarına uyğundur".

Elə Azərbaycan vətəndaşı olan ermənilərin də. Çünki illərlə qeyri-müəyyənlik və səksəkə içində, sabaha ümidsiz yaşamaq mümkün deyil. Xüsusən də varlı və imkanlı Azərbaycan dövləti əgər sənə xilas əli uzadırsa...

Analitik xidmət,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi