Paşinyanın beşillik proqramında Qarabağ haqda nə var...
Xəbər verildiyi kimi, ötən gün Ermənistanın baş naziri rəhbərlik etdiyi hökumətin 2021-2026-cı illər üçün fəaliyyət proqramını açıqlayıb. Bu proqramda təhlükəsizliklə, o cümlədən Azərbaycanla sərhədlərin qorunması ilə bağlı deyilirdi ki, Ermənistan sərhədin “bəzi hissələrindən” hərbi bölmələri çıxaracaq, onların yerinə sərhəd qoşunlarını yerləşdirəcək. Bu da Paşinyanın təqdim etdiyi kimi, “Ermənistan hökumətinin dinc regional gündəmə can atmasının” əlamətidir. Yəni haradakı sülh var, orada sərhədləri ordu yox, sərhədçilər qoruyur.
Lakin Paşinyanın beşillik proqramında elə məqamlar da var ki, bunlar Ermənistanın növbəti beş ildə Azərbaycanla hərtərəfli sülhə gəlmək niyyətlərinin olmadığına dəlalət edir. Bura Azərbaycan ərazilərinin hazırda Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan hissəsinə, yəni ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Respublikasının ermənilər yaşayan qisminə aid yanaşma daxildir. Orada deyilir ki, Ermənistan hökumətinin vəzifəsi yaxın illərdə “artsax xalqının təhlükəsizliyinin, Qarabağ münaqişəsinin dinc və hərtərəfli nizamlanmasının təmin edilməsi” olmalıdır.
Və qeyd edilir ki, Ermənistan hökuməti münaqişənin (hansı ki, Dağlıq Qarabağ adlı münaqişə daha mövcud deyil və Azərbaycan 30 il davam etmiş bu münaqişəni hərbi yolla həll edib,-red.) yekun həllini ATƏT-in Minsk Qrupunun rəhbərliyi altında və “Dağlıq Qarabağın statusunun yaxşı məlum olan prinsip və elementlər, o cümlədən öz müqəddəratını təyin etmə” əsasında müəyyən edilməsində görür.
Proqramın digər hissəsində deyilir ki, Qarabağda müharibəsonrası bərpa, iqtisadi həyatın dirçəldilməsi, sosial problemlərin həlli hökumətin diqqət mərkəzində olacaq. Hökumət “artsax hakimiyyəti” ilə əməkdaşlığı dərinləşdirəcək, habelə yeni “əməkdaşlıq standartı” yaradacaq. Habelə bildirilir ki, Ermənistan bundan sonra da “artsax xalqının təhlükəsizliyinin qarantı” olacaq.
Paşinyanın hökumətinin proqramına əsasən “artsaxın və artsax xalqının” təhlükəsizliyini bundan sonra da “Müdafiə ordusu” (Rusiya sülhməramlılarının nəzarəti altındakı ərazilərdə qalan qanunsuz erməni silahlı dəstələri nəzərdə tutulur) təmin edəcək. Eyni zamanda Rusiya sülhməramlı qüvvələrinin regionda iştirakı “ən etibarlı təhlükəsizlik təminatı” kimi qiymətləndirilir.
Beləliklə, bu fəaliyyət proqramına əsasən Ermənistan hökuməti Azərbaycanla yekun sülh danışıqlarında maraqlı deyil və hələ də Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan əraziləri ilə bağlı hansısa planlar, status xəyalları qurur, üstəlik “təhlükəsizliyin təminatçısı” qismində hansısa “Dağlıq Qarabağ müdafiə ordusuna” dəstək verəcəyini göstərir.
Hansı ki, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə erməni tərəfinə iki ölkə arasında sülh razılaşmasının imzalanması üçün danışıqlar təklif edib. Bu sülh razılaşmasının başlıca şərtlərindən biri heç şübhəsiz ki, tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasından keçir. Yəni indiki halda Ermənistan Azərbaycanla sülhün əldə edilməsində maraqlı idisə hökumətin proqramında Azərbaycan ərazilərinin bir hissəsi ilə bağlı o cür müddəalar yer almalı deyildi.
Son aylar Ermənistan rəsmiləri, o cümlədən Paşinyan özü publik çıxışlarında Qarabağ mövzusunda ya ehtiyatlı ifadələr işlətməyə çalışır, ya da bu mövzudan qaçmağa çalışır. Amma indi Paşinyanın hökumətinin fəaliyyət proqramından belə qənaət yaranır ki, Yerevanda heç də Paşinyanın dediyi kimi, “dinc regional gündəmə” can atmırlar. Azərbaycan ərazilərinin bir hissəsi ilə bağlı iddialarından geri çəkilmirlər və bu da ilk növbədə Ermənistanın özünə çox lazım olan böyük sülhə aparan yolları kəsməkdir.