azia.az
azia.az

Tehran çoxdandır İraqda bu cür uğursuzluğa düçar olmurdu

11-11-2021, 08:32

Tehran çoxdandır İraqda bu cür uğursuzluğa düçar olmurdu
Tehran çoxdandır İraqda bu cür uğursuzluğa düçar olmurdu



İraqın Baş naziri əl-Kazımiyə qarşı bu günlərdə baş vermiş uğursuz sui-qəsddən sonra İranın “Əl-Qüds” xüsusi xidmətinin rəhbəri İsmayıl Qani Bağdada səfər edərək İraq lideri ilə görüşüb. Daha sonra o, silahlı şiə qruplaşmalarının bir qrup liderini dəvət edərək onları “sakitliyə və eskalasiyaya son qoymağa” çağırıb.

Tehran çoxdandır İraqda bu cür uğursuzluğa düçar olmurdu. Və indi İsmayıl Qani bunu necəsə sahmanlamalıdır, çünki İraqın baş naziri ona yönəldilən, cangüdənlərini öldürən və iqamətgahının bir neçə otağını dağıdan PUA-nın kim tərəfindən istiqamətləndirildiyini çox yaxşı bilir.

Tehran çoxdandır İraqda bu cür uğursuzluğa düçar olmurdu

Qani və "Əl-Qüds"ün digər liderləri İraqı inandırmağa çalışırlar...

"Biz bu cinayəti törədənləri təqib edirik. Biz onların adlarını çox yaxşı bilirik və tezliklə açıqlayacağıq... Onlar bizim ölkəmizi bandit dövlətinə çevirməyə çalışırlar, ancaq buna imkan verməyəcəyik", - əl-Kazımi Nazirlər şurasının təcili iclasında bildirib. Bununla da başa salıb ki, artıq əsaslı sübutlara malikdir, bu sübutlar isə təkcə İran istehsalı olan PUA-dan ibarət deyil.

İraq kəşfiyyatının istefada olan generalı Əbdüssəlam Sesim daha açıq danışıb. O, "Turkiye" qəzetinə müsahibəsində birbaşa söyləyib: "Baş nazirə qarşı hücum əmri Tehrandan gəlib. Hücumu həyata keçirmiş üç nəfərə “Haşdi əş-Şabi”ın liderləri Qeys Xəzali və Hadi əl-Əmiri himayədarıq edib. Hücum edənlər sui-qəsddən sonra Falih Fəyyad tərəfindən Suriya sərhəddindəki Əl-Kaim rayonuna aparılıblar. Oradan isə şiə qruplaşmalarının Homsdakı mənzil-qərargahına çatdırılıblar".

Tehran hücumun nəzarətdən çıxmış İran proksiləri tərəfindən yerinə yetirilməsinə dair versiyaya heç kimi inandıra bilmir. Bağdadda hamıya aydındır ki, İranpərəst qruplaşmaların üzvləri nə qədər “nəzarətdən çıxsa” belə, bu addıma özbaşına qərar verə bilməzdi. Belə ki, İranla İraq arasındakı razılaşmadan heç bir il də keçməyib və həmin razılaşmaya görə, Bağdad “Haşed əş-Şabab”ın İranın nəzarətindən çıxan üzvlərini fiziki cəhətdən məhv edə bilər. Və bu razılaşmaya hər iki tərəf mümkün olduğu qədər riayət edirdi.



Tezliklə Tehranda çoxları öz oyununu başlada bilər

Nəticə aydındır - Tehranda kimsə İraqın baş nazirinə qarşı ultimatum irəli sürərək öz oyununu oynamaq qərarına gəlib: ya İran proksilərinin parlamentdə 126 yer itirməsi ilə nəticələnən (190 idi, 64 qaldı) seçkilərin nəticələrinə yenidən baxılmalıdır, ya da iranlılar ən sərt addımlardan çəkinməyəcəklər. Və həmin “kimsə” heç də İsmayıl Qani, yaxud prezident İbrahim Rəisi deyil, ancaq onun “Əl-Qüds”ün rəhbərliyinə birbaşa aidiyyatı var.

Əfsanəvi xüsusi xidmət Qasım Süleymaninin qətlindən sonra özünənəzarəti itirib. Və çətin ki, indiki rəhbərlik ona tam nəzarət edir, xüsusən də İraq istiqamətində. “Əl-Qüds”ün İraqda nüfuzu da, agent şəbəkəsi də yetərli deyil -onları mərhum general özü ilə apardı. Süleymani İraqdakı İran proksiləri ilə oyunu asanlıqla qura bilirdi. İndi isə elə görünür ki, həmin proksilər Tehrandakı qəyyumları vasitəsilə İsmayıl Qani ilə oyun oynayırlar.

Vəziyyət olduqca təhlükəlidir. Heç olmasa ona görə ki, “Əl-Qüds”ün digər bölmələri bu cür nizamsızlıq və qərarsızlığa baxaraq soruşurlar: “Bu mümkündür?“. Və İsmayıl Qani ilə hesablaşmadan öz oyunlarına başlaya bilərlər. Özünənəzarəti itirmiş elitar xüsusi xidmət beynəlxalq səhnədə mürəkkəb vəziyyətdə olan İrana qətiyyən lazım deyil.

"İraq hadisəsi" heç də tezliklə unudulmayacaq. Əgər İranda kimsə əl-Kazımiyə təzyiq göstərə biləcəyini düşünürdüsə, nəticədə tam tərsi alındı: iraqlılar Baş nazirin ətrafında birləşdilər, İran əleyhinə əhval-ruhiyyə ən yüksək nöqtəsindədir, yerli şiələr Tehrandan uzaqlaşırlar. İranın problemləri isə təkcə Bağdadla deyil…
Müəllif: İkram Nur (haqqin.az saytının yazarı)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi