Azərbaycanlı qadın İstanbulda bir çanta saxta pulla tutuldu
Ankara başda olmaqla 20 əyalətdə təşkil edilən saxta pul əməliyyatı zamanı saxlanılan 96 nəfərdən qruplaşma lideri Ensari Varlık başda olmaqla 14 nəfər həbs edilib.
Azia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, saxlanılanlardan 63-ü sərbəst buraxılıb, 33 şübhəli isə ədliyyəyə sövq edilib. Onlardan 19-u məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.
Əməliyyatın bəzi detalları məlum olub. Belə ki, polis tərəfindən izlənilməmək üçün telefon danışıqları zamanı şifrəli sözlərdən istifadə edən və dollara “Benjamin” deyən qruplaşma üzvləri indiyədək bazara 5 milyon lirə saxta əskinas çıxarıb. Ensari Varlık isə ona müştəri kimi mesaj yollayan polisə saxta xarici valyutanın pul sayma maşınından necə keçməsinə dair video atıb və bununla da özünə inam yaratmağa çalışıb. O, saxta dolları özünü müştəri kmii təqdim edən polisə satarkən “Bundan tapa bilməzsən. Mal bizimdir deyə demirəm. Bu, tapa bilməyəcəyin məhsuldur. Əlbəttə hazırda aktiv cihazlardan keçməz. Gəlib baxarsan, aldığın qədər sayıb götürərsən” deyib.
Əməliyyat zamanı qruplaşma üzvlərindən olan azərbaycanlı Elmira A. saxta xarici valyutanı xaricdə dövriyyəyə buraxmaq üçün pullla dolu çanta ilə getdiyi Sabiha Gökmen Hava Limanında saxlanılıb. Saxta pul satışını xaricdə Elmira ilə birlikdə Özbəkistan vətəndaşları Fərrux J. və Mokhaloryım G.nin də həyata keçirdiyi məlum olub.
Bundan başqa, qruplaşmanın “rəhbər” heyətində yer alan Camal Durdubaş əməliyyatdan 4 gün əvvəl buraxdıqları saxta pulla aldığı saxta içkidən zəhərlənib və xəstəxanada dünyasını dəyişib.