"Prezidentimizdən xahiş edirik ki, bu iş dayandırılsın" - Vətəndaşlardan etiraz
Binəqədi rayonu 7-ci mikrorayon, Fərman Məlikov küçəsinin sakinləri həmin ərazidə tikilən hündürmərtəbəli binadan narazıdırlar. Sakinlər bildirir ki, tikinti qanunsuz, təhlükəlidir və binanın yerləşdiyi ərazi şəhərsalma proqramı baxımından düzgün deyil. Məsələ ilə bağlı qarşı tərəf kimi tikintinin sifarişçisi olan şirkətin nümayəndəsinə müraciət etdik. Amma təəssüf ki, tikintiyə cavabdeh tərəf suallarımızı cavablandırmadı.
Binəqədi Rayon İcra Hakimiyyətinə məsələ ilə bağlı müraciət etdik. Bildirdilər ki, hündürmərtəbəli binanın tikintisində Bakıda fəaliyyət göstərən icra hakimiyyətlərinin səlahiyyətində deyil, bu məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məsuliyyət daşıyır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətindən isə bildirildi ki, qeyd olunan ünvanda yaşayış binasının tikintisinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 16.08.2021-ci il tarixində icazə verilib.
"Tikintiyə icazə icraatı çərçivəsində ərazinin planlaşdırılma sənədləri normativ qaydaların tələblərinə əsasən təsdiqlənib. Həmçinin, aparılacaq tikinti ilə əlaqədar aidiyyəti dövlət qurumlarının müsbət rəyləri Komitəyə təqdim olunub. Layihəyə əsasən, sifarişçi şirkət "Entek Zemin İnşaat Makina” MMC həmin ərazidə qanunvericiliyin tələblərinə uyğun olaraq 1 girişli, 10 mərtəbəli binanın inşasını və orada yaşayan vətəndaşların rahatlığını təmin etmək məqsədi ilə həyətyanı və ətraf hissəsinin abadlaşdırılmasını, yaşıllığın salınmasını həyata keçirəcək", - deyə qurumun mətbuat xidmətindən məlumat verildi.
Həmçinin, qurumdan inşaat işlərinin bağça ilə ara məsafəsi gözlənilməklə aparıldığı deyildi.