azia.az
azia.az

Bakıda daha bir tikinti rəzaləti - Rəsmi icazə hansı əsasla verilib?

27-04-2021, 17:49

Bakının Xətai rayonunda, Gəncə prospekti 30 ünvanında, 269 saylı məktəbin düz önündə göydələn tikintisinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yenicə icazə verib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Bakupost.az-a verilən məlumatda bildirilir ki, “Qaya-İnşaat” MMC-yə həmin ərazidə bina tikintisi üçün yer Bakı Şəhər İcra Hakimiyyəti başçısının 19.03.2015-ci il tarixli 125 nömrəli sərəncamı ilə ayrılıb:
Bakıda daha bir tikinti rəzaləti - Rəsmi icazə hansı əsasla verilib?
“Həmin sərəncama əsasən sözügedən ərazidə çoxmərtəbəli yaşayış binasının tikintisinə dair planlaşdırma sənədi şəhərsalma və tikinti normalarına uyğunluğu yoxlanılaraq təsdiq edilib. Tikintiyə icazə icraatı çərçivəsində aidiyyəti dövlət qurumlarının rəyləri nəzərə alınmaqla Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 15.04.2021-ci il tarixində tikintiyə icazə verilib. Layihəyə əsasən, sifarişçi “Qaya-İnşaat” MMC, qeyd edilən ünvanda qanunvericiliyin tələblərinə uyğun olaraq 1 girişli, 12 mərtəbəli binanın inşasını və ərazidə yaşayan vətəndaşların rahatlığını təmin etmək məqsədi ilə həyətyanı və ətraf hissənin abadlaşdırılmasını, yaşıllığın salınmasını həyata keçirəcək”.



Qeyd edək ki, tikinti ətrafda yaşayan sakinlərin ciddi etirazına səbəb olub. Çünki sözügedən ərazinin Gəncə prospektinə birbaşa çıxışı yoxdur, əraziyə yalnız ətraf binalardan yol verilib. Sözügedən yolların eni isə əraziyə göndərilən nümayəndələr tərəfindən qəsdən 10-12 metr olaraq göstərilib. Halbuki həmin yolların eni 3 metrdir.

Ərazidə məktəb binasının yerləşməsi, tikintinin isə məktəbin tam 8 metrliyində aparılması məktəbdə işıqlandırmanın kəsilməsi, şagirdlər üçün təhlükə yaratmaqla bərabər, hazırda 2 növbəli məktəbin genişləndirilməsi imkanlarını da məhv edir. Çünki məktəbə yeni korpus lazım olacağı halda ətrafda bir metr də ərazi qalmır.



Bina tikintisi eyni zamanda ərazidəki sıxlığı kəskin artıracağı və sakinlərin istirahəti üçün həyətyanı sahənin qalmamasına görə narazılığa səbəb olub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakının Baş Planı hazır olmadan, tələm-tələsik, eyni zamanda ərazinin göydələn tikintisi üçün münasib olmamasına baxmayaraq, tikintiyə icazə verməsi isə Komitənin qeyri-şəffaf işlədiyinə ciddi şübhələr yaradır.

Xatırladaq ki, sözügedən ərazidə bina tikintisinin münasib olmaması haqda Xətai rayon İH və Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən ötən il açıqlamalar verilmişdi. Buna baxmayaraq, Komitə bir neçə gün öncə tikintiyə icazə verib.

Görünür, sakinlərin etirazına Xətai İH ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qoşulması sahibkarla “daha dərindən” söhbət üçün qurumlara əlavə imkanlar vermək üçün imiş.

Bakupost.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi