Akopyandan ŞOK AÇIQLAMA: Paşinyan Zəngəzur Mis-Molibden Kombinatını bağlamaq üçün Azərbaycanla razılaşıb
Zəngəzur Mis-Molibden Kombinatı böyük ehtimalla bir neçə gün ərzində fəaliyyətini dayandıracaq.
Bunu Qapalı Səhmdar Cəmiyyətin üzvü, “Hayastan” blokundan deputatlığa namizəd olan Vaqe Akopyan deyib. Akopyan bildirib ki, müəssisə 20 milyondan çox itki ilə üzləşib. “Heç bir səbəb olmadan filiz ixracını qadağan ediblər. Təbii ki, xarici valyutanın Ermənistana axını dayanacaq və bu dollar məzənnəsinə təsir edəcək" deyə Akopyan sözlərinə əlavə edib.
Bundan əvvəl, Akopyan Ermənistan hakimiyyətinin zavodu bağlamaq niyyəti olduğunu bildirib, üstəlik bunu “Azərbaycanla gizli razılaşma” kimi qiymətləndirib. Akopyan iddia edib ki, bundan sonra Süniki (Zəngəzur) rəngsiz, bədbəxt bölgə adlandıraraq azərbaycanlılara təhvil verəcəklər. Gorusun meri Aruş Aruşyan da bildirib ki, Ermənistan hakimiyyəti tərəfindən həyata keçirilən həbslər Sünik vilayətində aparılacaq ərazi güzəştlərinə qarşı çıxanları aradan götürmək məqsədi daşıyır. Aruşyan bu həbslərin “Zəngəzur Dəhlizi” ilə əlaqəli olduğuna bildirib. Onun fikrincə Ermənistan rəhbərliyi Azərbaycanın təzyiqinə müqavimət olmaması üçün hər şeyi edir.
Saxta.info, Zəngəzur Kombinatı bağlanacağı təqdirdə Ermənistan iqtisadiyyatının həqiqətən böhranla üzləşib-üzləşməyəcəyini, Azərbaycanın bu məsələyə nə qədər aidiyyatının olub-olmamasını dəqiqləşdirib.
Hazırda Ermənistanda istismar olunan səkkiz mis-molibden yatağından altısı Sünik vilayətindədir. Bunlardan ən böyüyü Zəngəzur Mis-Molibden Kombinatıdır və bu müəssisə molibden və misin istehsalı və ixracı baxımından liderdir. Zavodun bu bazardakı payı 80% -i keçir. Bundan başqa Kombinat Sünikdəki ən böyük yataqlardan birinə - Kacarana sahibdir. Sünik bölgəsindəki digər böyük mədən, rəsmi olaraq “Ler ex” MMC adı ilə qeydiyyatdan keçən Ankasar mis-molibden yatağıdır.
Amma elektron reyestrə daxil edilən məlumatlara görə, şirkətin nizamnamə kapitalının 100% -i Zəngəzur Mis-Molibden Kombinatına aiddir. Dəstəkert, Ayqedzor mis-molibden yataqları, Liçkedəki mis-molibden mədəni də Sünikdə yerləşir. Ermənistanda mis filizi emal edilmir. Xammal Bolqarıstan, İsveçrəyə, Çin, Kanada və digər ölkələrə ixrac olunur. Molibden ixracatının təxminən 90% -i Hollandiya və Rusiyanın payına düşür. Həmçinin İsveçrə, Belçika, Çin və digər ölkələrə də molibden ixrac olunur.
Zəngəzur Kombinatı 2021-ci ilin birinci rübündə ölkə büdcəsinə 9,77 milyard dramdan (19,7 milyon dollar) çox pul ödəməklə ölkənin ən böyük vergi ödəyicilərindən biri olub. Mis ixracatı Ermənistanın ixracatının ¼-ni birini təşkil edir. Bunun 24%-i (618 milyon dollar) filiz və mis konsentratlarıdır. Bütün bunları nəzərə aldıqda Zəngəzur Mis-Molibden Kombinatının tam bağlanmasının Ermənistan iqtisadiyyatını uçuruma aparacağını demək olar. Bu məsələdə Vaqe Akopyanın fikri əsaslıdır.
Bəs bu prosesin Azərbaycanla nə əlaqəsi var?
Əslində, erməni mənbələrinin qeyd etdiyi kimi, zavodun hazırkı problemlərinin siyasi səbəbləri də var. Ermənistanın baş naziri vəzifəsini icra edən Paşinyan 15 iyunda Sünikdə keçirdiyi seçki kampaniyası zamanı müəssisənin işçilərinin işdən çıxarılma təhdidi ilə üzləşdiyini açıqlamışdı. O bildirmişdi ki, müəssisənin işçilərinə mitinqdə iştirak etmək qadağası qoyulub, qadağanı pozanlar isə işdən çıxarılma ilə hədələnib. Paşinyan həmçinin vətəndaşların mitinqdə iştirakına mane olan hər kəsi işdən çıxaracağını, erməni xalqının şirkətdən pay sahibi olacağına vəd edib.
Analitiklərin fikrincə Paşinyan respublikanın ən böyük müəssisələrindən biri olan Zəngəzur Mis-Molibden Kombinatının rəhbərlərinin və işçilərinin ona qarşı necə davrandığını unutmayıb. Məsələ burasındadır ki, zavodun rəhbərliyi və işçiləri arasında Robert Köçəryanın rəhbərlik etdiyi Hayastan blokunun bir çox üzvü və tərəfdarı var.
“Zəngəzur Mis-Molibden Kombinatı açıqlamalar verir. Onlara bir neçə dəfə xəbərdarlıq etdim ki, işçilərin siyasi proseslərə qarışmamasına çalışmayın. Ancaq bütün qırmızı xətləri keçdilər və buna görə də başları üzərində mavi çəkic görəcəklər” deyə Paşinyan baş verənlərə münasibət bildirmişdi. Görünür seçkidən sonra "seçkiqabağı vədləri" yerinə yetirmə vaxtı çatıb. İyulun 12-də Ermənistan hökuməti "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsini təsdiqlədi və bununla da mis və molibden konsentratlarının ixracına bu metalın birja dəyərinin təxminən 15% -i miqdarında əlavə rüsumlar təyin edildi.
Bu günlərdə həmçinin müssisədə Təhlükəsizlik Xidməti tərəfindən axtarış aparılıb. Bundan əlavə bir neçə işçi hüquq-mühafizə orqanlarına aparılıb. Ermənistan mediasının məlumatına görə, bu addımların səbəbi açıqlanmır. Vaqe Akopyan hesab edir ki, bütün bunların səbəbi zavodu satmağa məcbur etməkdir: “İstəyirlər ki, zavodu sataq. Adları səlahiyyətlilər tərəfindən gizli saxlanılan və bizi zavodu satmağa məcbur edən alıcılar olduğunu bilirəm”.
“Gizli alıcı” nın Azərbaycan olması ehtimalı yoxdur. Azərbaycan tərəfinin müəssisə ilə bağlı iddiaları tamamilə fərqli xarakter daşıyır.
Bu il iyun ayının sonunda, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Oxçuçaydan götürülən su nümunələrinin nəticələrinə əsasan çayda çirkliliyin fəlakətli həddə olduğunu bildirib. Nazirlik həmçinin çayın əsas səhmdarı Almaniyanın Cronimet Mining şirkəti olan Zəngəzur Mis-Molibden Zavodu tərəfindən çirkləndirildiyini açıqlayıb.
Bunu nəzərə alaraq ETSN Oxçuçayın ekoloji böhranı və kritik vəziyyəti, o cümlədən Ermənistan tərəfindən davamlı çirkləndirilməsi baxımından çay və onun ekosistemi üçün gözlənilən ekoloji risklər barədə məlumatlandırma və çirklənmənin qarşısının alınması məqsədilə beynəlxalq təşkilatlara müraciət edib.
Yeri gəlmişkən, Zəngəzur Mis Milibden Kombinatının rəsmi səhmdarları bu şirkətlərdir: Almaniyanın Cronimet Mining ( 60%), Yerevan Saf Dəmir Zavodu ASC ( 15% ), Ermənistan Molibden İstehsalı MMC və Zəngəzur Mining (hər biri 12,5%).
Göründüyü kimi, Azərbaycanın Zəngəzur Kombinatı ilə bağlı iddiaları sırf ekoloji xarakter daşıyır. Üstəlik, zavod rəhbərliyi də Oxçuçayın çirklənməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Bu mənada Zəngəzur ətrafındakı mövcud vəziyyətə görə, Azərbaycanı günahlandırmaq mümkün deyil.
Qeyd edək ki, bir neçə il əvvəl, erməni ekoloqları da yaxınlaşmaqda olan ekoloji fəlakət barədə həyəcan təbili çalıblar. 2014-cü ildə Ümumerməni Təbiəti Mühafizə Fondu Zəngəzur Mis-Molibden Kombinatının fəaliyyəti ilə bağlı müəssisə rəhbərliyinə müraciət edib. Ekoloqlar bildirirdilər ki, tullantı saxlanılan yerdən zərərli maddələr Noraşenik və Xalac çaylarına oradan da Oxçuçaya axıdılır.
İki il əvvəl Ermənistan mətbuatı da oxşar problem qaldırıb. Ekoloq İnqa Zarafyan ətrafdakı kəndlərə baş çəkdikdən sonra bildirib ki, tullantılar təkcə ətraf mühitə deyil, həm də kəndlilərin sağlamlığına və sosial vəziyyətinə də zərər verir. 2019-cu ilin oktyabrında Zəngəzur Mis-Molibden Kombinatının tullantı mərkəzində baş verən qəza nəticəsində tullantılar birbaşa Oxçuçaya axmışdı.
Ermənistan mediası yazır ki, Zəngəzurun ikinci ən böyük çayı olan Oxçuçay kombinatın ucbatından suvarmaya yararsız hala düşüb.
Qeyd edilənlər Ermənistan iqtisadiyyatının taleyinin asılı olduğu Zəngəzur kombinatı ətrafında yaranan böhranla Azərbaycanın heç bir əlaqəsinin olmadığını göstərir. Bu mənada Vaqe Akopyan və digərlərinin bu mövzuda açıqlamaları daxili siyasi çəkişmələrin nəticəsidir.
Saxta.info bu qənaətə gəlib ki, erməni tərəfinin ittihamları əsassızdır.