Oxçuçaya zəhər axıdan kombinata polis basqını
Bu gün səhər saatlarından etibarən Ermənistan hüquq-mühafizə orqanları Qacaran meri Manvel Parmazyanın evində və Zəngəzur Mis Molibden Kombinatında axtarışlara başlayıb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu haqda vəkil Robert Ayrapetyan özünün Facebook səhifəsində bildirib. “Şou davam edir”,-vəkil yazıb
Manvel Parmazyan Ermənistandakı seçki kampaniyası zamanı keçmiş prezident Robert Köçəryanın “Ermənistan” blokuna dəstək verib. Zəngəzur Mis-Molibden Kombinatına gəldikdə isə onun səhmdarlarından biri Sünik vilayətinin keçmiş qubernatoru Vaqe Akopyandır. O da “Ermənistan” blokundan parlamentə namizədlər siyahısında idi.
Baş nazir Nikol Paşinyan seçki kampaniyası zamanı Sünikdə çıxış edərkən dəfələrlə həmin kombinatın adını çəkmişdi. Şirkətin rəhbərliyini əməkdaşların siyasi baxışlarına təsir göstərməkdə, müxalifətin mitinqlərinə getməyə məcbur etməkdə və onun seçki mitinqlərinə getməyi qadağan etməkdə günahlandırmışdı.
Azərbaycanda isə Zəngəzur Mis-Molibden Kombinatının adı Zəngilan ərazisindən axan və Araz çayına birləşən Oxçuçayın zəhərli maddələrlə çirkləndirilməsi qalmaqalına görə gündəmdədir. Bu kombinatın əsas səhmdarı əvvəllər Almaniyanın “CRONİMET Holding” şirkəti olub. Almaniyanın Bakıdakı səfirliyinin bildirdiyinə görə, şirkət 2019-cu ildə səhmləri başqa investora satıb.