18 min rusiyalı gənc azərbaycanlını güllələyən polisə azadlıq tələb edir
Rusiyanın Novosibirsk şəhərinin ətrafında yerləşən kiçik Moşkovo qəsəbəsində mayın 28-də yol patrul polisinin ona müqavimət göstərən gənc azərbaycanlını güllələməsi hadisəsi ətrafında qızğın müzakirələr davam etməkdədir. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, həmin polis leytenantı Aleksandr Qusevin azadlığa buraxılması üçün ictimai kampaniya başlayıb.
Müfəttiş Aleksandr Qusevin güllələdiyi Vəkil Abdullayev
Change.org saytında yerləşdirilmiş petisiyada onun dərhal azadlığa buraxılması, yol patrul polisinin “saxla” əmrinə tabe olmayan sürücü və onun yanındakı sərnişin barəsində təhqiqat başladılması tələb olunur. Petisiyaya bu günə qədər 18 mindən çox adam qoşulub. Bundan əvvəl bəzi rusiyalı siyasətçilər azərbaycanlının ölümünə səbəb olmuş polisin müdafiəsinə qalxmışdılar, hətta onun mükafatlandırılmasını təklif etmişdilər.
Xəbər verildiyi kimi, həmin gün Moşkovo qəsəbəsində Qusevin başçılıq etdiyi yol patrul polisi ekipajı qabaq şüşələri tündləşdirilmiş “Toyota” avtomobilinin sürücüsünə “saxla” əmri verib. Lakin iddia edilir ki, sürücü əmrə tabe olmayıb və sürəti artırıb. Daha sonra avtomobil yolun kənarına sıxışdırılmaqla saxlanılıb, içərisindən düşən üç nəfər qaçmağa çalışıb. Polis onlardan ikisini saxlayıb, üçüncü şəxs baş verənləri mobil telefonla çəkməyə başlayıb. Saxlanılanlardan biri-19 yaşlı Vəkil Abdullayev onun qollarını burmağa çalışan Qusevə müqavimət göstərib, bu zaman polis xidməti tapançasını çıxararaq qoruyucusunu açıb və eyni vaxtda qayda pozanı zərərsizləşdirməyə çalışarkən atəş açılıb. Güllə azərbaycanlı gəncin başından dəyib və o, iki gün sonra xəstəxanada keçinib.
Hadisə geniş ictimai rezonans və Novosibirskdə yaşayan azərbaycanlılar arasında qəzəb doğurub. Onlar günahkarın cəzalandırılması tələbi ilə aksiya keçiriblər. Azərbaycan səfirliyi və hüquq-mühafizə orqanları da faciənin araşdırılması üçün Rusiya tərəfinə müraciət ediblər.
Regional Rusiya KİV-lərinin yazdığına görə, polisin ailə üzvləri və yaxınları azərbaycanlıların təhdidindən qorxduqları üçün qəsəbəni tərk ediblər. Maşkovo qəsəbəsinə “Rosqvardiya” və OMON dəstələri yeridilib. Qusev ehtiyatsızlıqdan ölümə səbəb olma və xidməti səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edilir, onun barəində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Polis və “Rosqvardiya” əməkdaşlarının Moskva regionlararası həmkarlar ittifaqının rəhbəri Mixail Paşkin hesab edir ki, baş verənlərdə Qusevin rəislərinin də günahı var. Çünki onlar əməkdaşların peşəkarlığının artırılmasının qeydinə qalmayıblar:
-Müfəttiş Qusev əvvəlcə hava atəş açmalı idi və qayda pozana yerə uzanmağı əmr etməliydi. Əgər bu tələbləri yerinə yetirməsəydi ona yaxınlaşmaqda davam etməliydi, onu güllələmək olardı və bu zaman polis müfəttişinə heç kim heç nə deyə bilməzdi. O isə qoruyucusu açılmış tapança ilə əli tətikdə qayda pozanın qolunu burmağa başlayıb. Yəni Qusevin elədikləri onun qeyri-peşəkarlığını göstərir.
Aleksandr Qusev: həbsdən sonrakı kadrlar...
İstintaq ola bilsin, onun tərəfindədir, amma burada heç nə edə bilməzsən. Ümumiyyətlə isə, Qusevin rəhbərliyinin günahı böyükdür. O, əməkdaşların müntəzəm fiziki və döyüş hazırlığını təşkil etməliydi. Lakin mən əminəm ki, bu olmayıb. Olsa da formal olub. Yeri gəlmişkən, Qusevin vəkili bu məqama istinad edə bilər.
Qeyd edək ki, faciəli insidentdə həyatını itirən Vəkil Abdullayevin atası Novosibirskdə geyim mağazaları şəbəkəsinin sahibidir, imkanlı şəxsdir və azərbaycanlılar diasporunda nüfuzu var.