Rusiyada yol polisinin başından güllə ilə vurduğu azərbaycanlı öldü
Yol Patrul Xidməti əməkdaşının yaraladığı 19 yaşlı azərbaycanlı Vəkil Abdullayev Moşkov Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.
Virtualaz.org bildirir ki, bu barədə lenta.ru məlumat yayıb. Nəşrin yazdığına görə, həkimlərin səylərinə baxmayaraq, başından güllə yarası almış xəstənin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə mayın 29-da Novosibirskdə baş verib. Belə ki, polis sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Sürücü şəxsiyyətinin müəyyən olunması üçün yol polisinin xidməti avtomobilinə tərəf aparılıb. Bu vaxt sərnişinlərdən biri - 19 yaşlı Vəkil adlı şəxs polisə müqavimət göstərməyə başlayıb. Hüquq mühafizəçisi güc işlədərək gəncin qollarını geri qanırıb və onu kapotun üstünə yıxıb. Bu zaman guya ehtiyatsızlıqdan əlindəki tapancadan atəş açıb...
Qeyd edək ki, bütün baş verənləri digər sərnişin telefonunun kamerasına çəkib.
Hadisə ilə bağlı “Vəzifə səlahiyyətlərindən sui-istifadə” və “Səhlənkarlıqla sağlamlığa ağır zərər vurma” maddələri ilə cinayət işi açılıb.