azia.az
azia.az

Lətif koronavirusdan ölən qardaşının meyitini Rusiyadan Tovuza necə gətirdi...

6-05-2020, 12:31

Lətif koronavirusdan ölən qardaşının meyitini Rusiyadan Tovuza necə gətirdi...
Lətif koronavirusdan ölən qardaşının meyitini Rusiyadan Tovuza necə gətirdi...
Aprelin ortalarında Rusiyanın Sverdlovsk vilayətinin Krasnoufimsk şəhər xəstəxanasında Natiq adlı 54 yaşlı azərbaycanlı sahibkar koronavirusdan ölüb. Sağlığında o, iki dəfə testdən keçsə də, onda xəstəlik aşkarlanmayıb. Onun infeksiya daşıyıcısı olduğu yalnız ölümündən sonra məlum olub.

Virtualaz.org Rusiya KİV-inə istinadən bildirir ki, Sverdlovskdakı Operativ Qərargahın məlumatına görə, o həmin vilayətdə virusun ilk və hələlik son qurbanıdır.

Yerli KİV yazır ki, Natiq Azərbaycandan idi, buna görə ölümündən sonra cəsədi vətəninə göndərildi. Orada onunla bağlı COVID-19-a təkrar analiz aparmağı planlaşdırıblar, amma sonda risk etməyiblər və Natiqi möhürlənmiş sink tabutda basdırıblar.
Lətif koronavirusdan ölən qardaşının meyitini Rusiyadan Tovuza necə gətirdi...


Mərhumun cəsədi Azərbaycana qardaşı Lətif tərəfindən gətirilib. Onun sözlərinə görə, iki il əvvəl Natiq Yekaterinburqda sətəlcəm xəstəliyindən müalicə olunub, koronavirusa isə mart ayında Moskvaya işləmək üçün gedəndə yoluxub: “Yüksək temperaturu ola-ola mal almağa getdi. Bir dostu ondan sürücülük etməsini istəmişdi. Natiq də qızdırma içində yola çıxıb və deyilənə görə, bütün yol boyu soyuq su içib”.

Natiq qayıdanda ona orada yaşayan bacısı baxıb. Martın 27-də onun doğum günü imiş, onlara xeyli adam toplaşıbmış. Bir yerdə yeyib-içib, sonra da qucaqlaşıb-öpüşərək ayrılıblar. Amma sonradan onların heç birində COVID-19 tapılmayıb. Bacısı öz əri ilə birlikdə hətta karantinə də alınıbmış. Ancaq onlarda yenə heç nə aşkarlanmayıb.



Lətifin dediyinə görə, ölümündən sonrakı analizlərin Natiqdə COVID-19-un tapıldığını təsdiqlədiyini bilməyib, sadəcə, qardaşının cəsədini hər ehtimala qarşı sink tabuta qoydurubmuş. Ancaq o özü Azərbaycana girə bilməyib - meyitin olduğu tabutu sərhədə gətirib və təhvil verib: “"Mən meyiti morqdan götürəndə orada işləyən qadın dedi ki, tam əmin halda gedə bilərəm, onda heç bir koronavirus-filan yoxdur”.

Sərhədə 41 saata çatıblar, geriyə isə 50 saata qayıdıblar. “Yük-200” qrifli meyitin olduğu maşını yolda heç kim saxlamayıb. Sərhəddən isə Natiqin cəsədi doğduğu Tovuz şəhərinə gətirilib və burada dəfn olunub.

"Mən onu hər ehtimala qarşı sink tabuta qoydurdum ki, karantin şəraiti olduğundan ortaya heç bir problem çıxmasın. Mən özüm bu qərarı verdim ki, nəsə bir şey olsa, özümü sığortalaya bilim. “QazEL”lə gedirdik-biz kabinədə, tabut kuzovda. Neytral bir zolaqda tabutu başqa bir “QazEL”ə yüklədik. Maşını pulla tutmuşduq. Zəng edib onun koronavirus olduğunu deyəndə mən artıq sərhəddən çoxdan aralanmışdım və geri qayıdırdım”,-deyə Lətif bildirib.



Üstəlik, Lətifin dediyinə görə, Natiqin ölüm şəhadətnaməsində koronavirus haqda bir söz belə olmayıb. İndi isə o heç nəyi araşdırmaq niyyətində deyil.

“Ölüm sənədlərində belə diaqnoz yox idi. Adam artıq torpağın altındadır - indi nə araşdırma, nəyi müəyyən etmə... Əgər onlara o cür lazımdısa, qoy elə də olsun. Bəyəm onlarla vuruşmalıyam? Mənim harasa getməyə və nəyisə araşdırmağa vaxtım yoxdur – olan olub, keçən-keçib. Adam artıq yoxdur. Bu diaqnoz isə mənim üçün külək kimidir: bu gün var, sabah olmayacaq”,-deyə Lətif vurğulayıb.

Natiqin valideynlərinin beş övladı olub: üç bacı və iki qardaş. İndi üç bacı və Lətif qalıb. Natiqin özünün isə Krasnoufimskdə vətəndaş nikahında olduğu arvadı və iki uşağı qalıb.

Yerli sakinlərin dediklərinə görə, Natiqi Krasnoufimskdə əhalinin az qala yarısı tanıyırmış. Vida mərasiminə də xeyli adam gəlibmiş.

Natiq orada fərdi sahibkarlıqla məşğul olub, meyvə-tərəvəz alveri edib. Tez-tez Moskvaya, Kazana və Sankt-Peterburqa gedib-gəlirmiş...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi