Xocavənddə başçının müavini ittiham olunur... - Torpaq alverində...
Xocavənddə başçının müavini ittiham olunur... - Torpaq alverində...
Haramı düzündə torpaq əkib-becərən sakinlər Xocavənd Rayon İcra Hakimiyyətinin başçısının müavini Azər Süleymanovdan şikayətçidirlər.
Onlar Azər Süleymanovun bu əraziləri iş adamlarına satdığını deyirlər.
Xocavənd rayonu işğal altında olsa da, bu rayonun ərazisi olan Haramı düzü Azərbaycan Ordusunun nəzarətindədir.
Burada əsasən əkinçilik və qoyunçuluqla məşğul olan məcburi köçkünlər ərazilərin kütləvi satıldığını iddia edirlər.
Onların ölkə başçısına ünvanladıqları şikayət məktubunda qeyd olunur ki, Azər Süleymanov su hövzəsinə yaxın əraziləri əsasən Ağdam, Ağcəbədi, Beyləqan və digər rayondan olan sahibkarlara satır.
"Ərazidə artezan quyular vurulur və əsasən də soğan əkilir. Bizi isə demək olar ki, ərazilərə buraxmırlar. Əlimizdə olan torpaqlarımızı də alırlar. Heyvandarlıqla məşğul olanlarımız da artıq heç bir örüş sahəsi və yer tapa bilmirlər. Kimsə yaxınlaşırsan, deyir bir neçə hektar ərazi mənimdir, pulumu verib almışam. Soruşanda ki kimdən? Deyirlər, Azər müəllimdən. Faktiki min hektarlarla ərazi satılıb qurtarıb. Bu işdə rayonun Maliyyə İdarəsinin müdiri İbrahim Həsənov da Azər Süleymanovla əlbirdir", - şikayətdə qeyd olunur.
Xocavənd sakinləri deyirlər ki, su hövzəsinə yaxın əraziləri isə Azər Süleymanova yaxın adamlar qəbs ediblər: "Hazırda ikinci işğal dönəmini yaşayırıq. Birini ermənilər edib yurdumuzdan didərgin saldılar, digərini də yerli məmurlar edir. Cənab prezidentdən xahiş edirik ki, səsimizə səs versin. Təsəvvür edin ki, bir nəfər Haramıda olan su hövzəsinə yaxın ərazidə torpaq ala bilmir. Hamısını Azərin adamları tutub. Bu ilan mələşən çöldə su olmayan ərazidə sadə xocəvandli necə əkib-becərsin?"
Sakinlər hektarlarla torpaq sahələrinin 1 sotunun 350-400 manatdan satıldığını bildiriblər: "Gəlib araşdırsanız, görəcəksiniz ki, Azər müəllim və qohumları da hektarlarla ərazini tutub taxıl əkiblər. Biz də əkmək, torpaqdan istifadə etmək istəyirik. Xocavəndin ərazilərini başqaları niyə istifadə etməlidir axı. Öncə xocavənlilərə verilməlidir bu torpaqlar. Bizim başqa torpaqlarımız da yoxdur. Hara gedək, kimdən istəyək? Rayondakı bütün idarələrə də öz adamlarını yerləşdirib. Adi süpürgəçidən tutub idarələrdə əksər vəzifələri öz adamları tutub. Belə də idarəçilik olar?".
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Azər Süleymanov isə iddialarla razılaşmır.
O, Arqument.Az-a deyib ki, əvvəllər bu ərazilər heyvandarlıq üçün istifadə edilsə də, hazırda əkin üçün nəzərdə tutlulub: "Bizə də elə şikayətlər daxil olur və yerindəcə araşdırırıq. Torpaqların pulla satılması iddiası əsassızdır. Heç kəs deyə bilməz ki, Azər və ya İcra Hakimiyyətindən kimsə filan ərazini mənə satıb. Elə adamlar varsa, gəlsinlər, qəbul edək, araşdıraq. Görək kimlər bizim adımızdan istifadə edirlər. Kim torpaq istəyibsə, alıb. Əkib-becərənlər də var. Ümumilikdə Xocəvənd rayonunda 8 min hektardan çox torpaq sahəsi əkilib. Bu, rayonun sosial-iqtisadi göstəricilərindən biridir. Yəqin, kimlərsə, vəziyyətdən sui-istifadə etməyə çalışırlar".