Azərbaycanın “cənub incisi” sayılan Lənkəranda məmur özbaşnalıqları ucbatından acınacaqlı durum yaranıb. Rayon bir qrupun əlində girova çevrilib. İcra başçısı Taleh Qaraşov Lənkəranı özəl şirkəti kimi idarə edir-satır, uçurdur, tikir...Rubrika.az saytına verilən məlumata görə bu gün Lənkəran nəhəng torpaq satış mərkəzinə çevrilib. Rayonda satılması mümkün olan, hətta mümkün olmayan bütün ərazilər qarış-qarış satılıb. Bildirilir ki, Mərkəzi Qala küçəsində yol üstü, Nizami kinoteatrının yeri, uşaq xəstəxanasının binası, gimnaziyanın həyəti, Şilavar torpaqları satılıb. Ötən illər ərzində Lənkəranda barmağını qatlayıb bir yer göstərmək olmaz ki, orada abadlıq işi görülüb yaxud yol çəkilib, sosial problem həll olunub. Lakin istənilən qədər satılan əraziləri qarış-qarış göstərmək olar. Elə axırıncı dəfə Lənkəran rayon Mərkəzi Xəstəxanasının qabağı satılıb. Verilən məlumatda deyilir ki, icra başçısının sərəncamı ilə satılan yerdə aptek, dükan və s. iaşə obyektləri tikilir.
Ərazinin neçəyə satıldığı bilinməsə də, ortda böyük bir məbləğ olduğu məlumdur. Xəstəxana şəhərin mərkəzi küçələrindən birində yerləşir. Bu yol iki istiqamətdə həm Şəhidlər Xiyabanına, həm də Lənkəran RİH-nin qarşısına qədər aparır. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının (RMX) qarşısı satılandan sonra ərazidə nəqliyyatın hərəkəti iflic olub Sakinlərin verdiyi məlumata görə, tikinti meydançasına çevrilmiş tibb ocağının qabağında hərəkət etmək mümkün deyil. Hazırda xəstəxananın önündə şıdırğı tikinti işləri getdiyi bildirilir.
T.Qaraşov Qala deyilən mərkəzi küçədə yol üstünü satıb və iki mərtəbəli bir bina tikilib. Bundan başqa, Nizami kinoteatrının binası da sökülüb və yerində tikinti aparılıb. Eyni zamanda Lənkəran uşaq xəstəxanasının binası satılıb və yerində hotel-restoran tikilib. Habelə, Digəh, Şilavar kəndlərinin yol üstündə torpaqlar peşkəş olunub, bələdiyyənin iştirakı ilə ayrı-ayrı adamlara satılır. İcra başçısı Lənkərana böyük bir bazar kimi baxır və gözqamaşdıran yerləri satışa çıxarır. Taleh Qaraşov rayondakı bütün əraziləri peşkəş etdikdən sonra Xarici Dillər Təmayüllü Gimnaziyanın ərazisinə göz dikib. Məktəb rəhbərliyinə isə meydançadan istifadə etmək qadağan edilib. Lənkəranda bütün gəlirli sahələr icra başçısının, övladlarının və yaxınlarının nəzarətindədir. Bütün rayonun iqtisadiyyatı T. Qaraşovun maraqlarına tabe edilib.
Rubrika.az-a daxil olan məlumata görə Lənkəranda icra başçısının bir sıra pul gətirən obyektləri var. Onların sırasında zavoddan tutmuş, mağazaya qədər hər şey sıralanıb. Bununla yanaşı Taleh Qaraşov Azərbaycanın digər rayonlarında da müxtəlif obyektlərə sahibdir. Taleh Qaraşovun obyektlərindən biri “Göl” adlanan restoranıdır. Taleh Qaraşovun digər bir biznes sahəsi Kürdəmirdə 1000 hektara yaxın sahəsidir ki, orda 10 mindən çox iri buynuzlu heyvandarlıq təsərrüfatı var. Onun Lənkəranda ələ keçirdiyi ikinci ən böyük obyekt isə “Xan bulaq” deyilən ərazidə restoranlar şəbəkəsidir.
Göründüyü kimi Lənkəran sosial-iqtisadi problemlər girdabında boğulsa da icra başçısının biznes imperiyası hər gün daha da çiçəklənir. Ancaq rayonda artan narazılıqlar, çoxalan şikayətlər tezliklə qəti tədbirlər görülməsini zəruri edir.