Azərbaycanda icra başçısının müavininin oğlu avtomobillə polisi vurub? - İDDİA
"Dekabrın 4-də Masallı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı iş başında olan zaman maşınla vurulub". Bu barədə big.az-a vurulduğu iddia edilən polisin qohumu Toğrul Gözəlov məlumat verib. O qeyd edib ki, hadisə dekabrın 4-ü Masallı rayonunda saat 10 radələrində baş verib: "Masallı Rayonun Dövlət Yol Polisi Şöbəsinin baş serjantı Rəcəbli Azər Elxan oğlu xidmət apardığı zaman vətəndaşa "Dur" əmrini verib. Anacaq vətəndaş "Dur" əmrinə əhəmiyyət vermədən polis əməkdaşını vuraraq yolun kənarına atıb. Hazırda polis kəllə-beyin travması diaqnozu ilə reanimasiyadadır. Bundan əlavə ayağı və qulağı sınıb. Hazırda ayağı gibsdədir. Bütün bədəni gömgöydür. Amma həyatı təhlükəsi yoxdur. Vurulan polisin 35 yaşı var. Ailəlidir. Polisi vuran vətəndaş saxlanılıb. Biz istəyirik ki, həmin şəxs layiqli cəzasını alsın. Polisi vuran şəxs Masallı rayon icra başçısının müavini Qafarova Aybənizin oğludur. Həmin qadının adı dəfələrlə korrupsiyada hallandırılıb”.
Masallı Rayon İcra Hakimiyyəti başçının müavini, İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarovanın BiG.AZ-a açıqlamasında bildirib ki, bütün deyilənlər yalandır: "Mənim oğlum nə qəza törədib, nə də polis vurub. Oğlum saxlanılmayıb. Ola bilər ki, bu, mənə qarşı yönəldilmiş bir təxribatdır”.
Masallı Rayon İcra Hakimiyyətini Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nəsir Muxtarlı vurğulayıb ki, bu yalan məlumatdır.
"Hazırda Aybəniz xanım işdədir. Belə bir hadisənin baş verməsinə inanmıram. Masallı rayonunda nə qədər böyük tıxac ola bilər ki, polis vurulsun. Ola bilər ki, Aybəniz xanıma atılan böhtandır. Belə bir hadisə baş versəydi bizim də məlumatımız olardı”.