azia.az
azia.az

“Cin çıxarmaq” adı ilə döyülərək öldürülən gəncin atasından ŞOK SÖZLƏR – “Oğlumu saat yarım dayanmadan döyüblər”

18-12-2019, 17:50

“Cin çıxarmaq” adı ilə döyülərək öldürülən gəncin atasından ŞOK SÖZLƏR – “Oğlumu saat yarım dayanmadan döyüblər”
Bakı Ağır Cinayətlər Məhkəməsində “cin çıxarmaq” adı ilə 25 yaşlı gənci döyərək öldürməkdə ittiham olunan Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Prosesdə mərhumun atası Şahin Sultanov ifadə verib. O, ifadəsində uzun illər öncə həyat yoldaşından ayrıldığını, oğlu Muradı ana nənəsi saxladığını deyib. Mərhumun atasının ifadəsinə görə, Muradın əvvəllər psixoloji problemi olmayıb, nənəsi öləndə anasının başqasına ərə gedəcəyini deməsi ona pis təsir edib: “Mənim yanıma köçüb yaşadı. Muradın əvvəl heç narahatçılığı olmayıb. Bir gün səhər tezdən yuxudan duranda vəziyyəti qəfildən dəyişdi. Başını divara vurub, üstünə soyuq su töküb, söyüş söyürdü. Yaxınlaşanı vurur, dişləyirdi. Əlimi dişləyəndə az qala barmağımı qoparacaqdı. Həkimlər gəlib dəlixanaya apardılar. Orada da sakitləşmişdi. Bibisinə deyirdi ki, mən dəli olmamışam, məni burada saxlamayın”.
“Cin çıxarmaq” adı ilə döyülərək öldürülən gəncin atasından ŞOK SÖZLƏR – “Oğlumu saat yarım dayanmadan döyüblər”
Zərərçəkmiş deyir ki, Muradın başına gələnlərdən xəbər tutan anası oğlunda cin olduğunu deyib və onu öz yanına aparmaq istəyib: “Anası dindardı, xəvaric təriqətinə mənsubdur, namaz qılmayana “kafir” deyir. Anasıgildə olanda dedilər ki, Murad qaçıb. Birtəhər tapdıq, küçədə maykada gəzirdi. Bizi görüb, söyüş söyür, qaçırdı. Əl-ayağını bağlayıb, xəstəxanaya apardıq, sakitləşdirici iynə vurdular. Təsir etmədi, yenə dəlixanaya apardıq. Bundan sonra uşaqda “cin” olduğunu düşündük, molla axtardıq”.

Muradı sağaltmaq üçün Qabil adlı mollanı xəstəxanaya gətiriblər. Lakin həkim mollanın içəri daxil olmasına icazə verməyib. Belə olan halda Muradı xəstəxanadan çıxarıb maşında mollaya göstəriblər. Molla dua oxuduqda uşağın vəziyyəti daha da pisləşib: “Uşaqda cin olduğunu dedi, biz də Muradı evə gətirdik. Hər gün molla gəlib dua oxuyurdu. Müxtəlif pirlərə aparırdıq”.



Zərərçəkmişin sözlərinə görə, molla oğluna dualar oxuyur, zeytun çubuğu ilə yüngül zərbələrlə vururmuş. Getdikcə Muradın vəziyyəti yaxşılaşıb, hətta özü küçədə sərbəst şəkildə gəzməyə başlayıb. Amma sonradan Muradın anası, daha doğrusu yenidən ailə qurduğu Elnur başqa bir molla – təqsirləndirilən Füzuli Qəribovu gətirib. Füzuli deyib ki, uşağın cini var və o da dualar oxuyub. Valideynlər ondan Muradı sağaltmağı xahiş ediblər. Bundan sonra Füzuli və digər təqsirləndirilən şəxslər 25 yaşlı gənci “müalicə” etməyə başlayıblar. Dua oxumaqla yanaşı, Muradı çubuqla ağrıtmayacaq həddə vururmuşlar. Hətta ata özü də hərdən oğlunu çubuqla vurub. Atanın dediyinə görə, bu, Murada müsbət təsir göstərib. Günlərin birində isə oğlunu çimizdirən zaman onun qarnında qançır izi görüb. Nə olduğunu soruşsa da, Murad cavab verməyib: “Ertəsi gün Muradı götürməyə gələndə gördüm vəziyyəti yaxşı deyil. Mənə dedilər ki, qətiyyən həkimə zəng eləmə, evə apar düzələcək. Evdə vəziyyəti daha da pisləşdi. Paltarını çıxaranda gördüm ki, çubuqla o qədər vurublar ki, göbəyindən sinəsinə qədər qapqaradır. Bunlara zəng etdim gəldilər. Oğlumun sinəsini masaj edərək, süni nəfəs verdim, bir dəfə özünə gəldi, amma sonradan nəfəsi getdi. Bunlar isə dayanıb baxırdılar”.

Ş.Sultanovun dəfələrlə gözləri dolub, çıxışını yarımçıq kəsib. O, ifadəsində oğlunun ölümündə hamının günahkar olduğunu deyib: “İndi deyirlər ki, Füzuli bizə dedi, biz də kömək məqsədi ilə etdik. Deməli Füzuli bunlara desəydi ki, cini çıxarmaq üçün, uşağın dərisini soymaq lazımdır, onu da edəcəkdilər. Adamın insafı olar, uşağı saat yarım dayanmadan döyüblər, Murad yalvarıb onlara, amma biri insafa gəlməyib. Hətta küçədə itə belə bir şey edəndə adamın yazığı gəlir, bunların heç biri deməyib ki, adamı bu qədər döymək olmaz, öləcək…” Tərəflərin suallarını cavablandırarkən Ş.Sultanov bildirib ki, Füzuli ondan pul götürməyib, bir dəfə 300, bir dəfə də 400 manat pul verib. Təqsirləndirilən şəxslər mərhumun atasından halallıq istəyiblər. Bildiriblər ki, son seans saat yarım yox, 40 dəqiqə çəkib və məqsədləri Muradı öldürmək yox, “cini çıxararaq” ona kömək etmək olub.

Atası onlara cavab olaraq halallıq verdiyini deyib: “Siz təkcə oğlumu yox, məni də öldürdünüz. Mənim ondan başqa heç kimim yox idi. Halallıq istəyirsinizsə, verirəm. Sizdən narazılığım təkcə odur ki, birinizdə insanlıq olmayıb ki, ağrıdan qışqıran, yalvaran, əzab çəkən oğluma yazığınız gəlməyib”.



Məhkəmə prosesi oktyabrın 10-da davam edəcək.

Azia.az təqdim edir. Qeyd edək ki, hadisə ötən il noyabr ayının 10-da Şabran rayonunda baş verib. Şabran şəhərində kirayədə yaşadığı evdə Bakı şəhər sakini, 25 yaşlı Murad Soltanovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin altı nəfər tərəfindən törədildiyi müəyyən edilib. Araşdırmalar zamanı onların Şabran şəhər sakinləri – Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov olduqları müəyyənləşdirilib. Şübhəli şəxslər saxlanılaraq Şabran rayon Polis şöbəsinə gətirilən şəxslər ilkin təhqiqat zamanı saxlanılanlar törətdikləri cinayət əməllərini etiraf ediblər. Həmin şəxslərin evdə M.Soltanovu guya xalq təbabətindən istifadə olunmaqla müxtəlif formada müalicə etdikləri, bədənindən şər qüvvələri çıxarmaq adı ilə nar ağacının çubuqları ilə vuraraq ona ağır bədən xəsarətlər yetirdikləri, məhz bundan sonra sonuncunun kirayədə qaldığı mənzildə dünyasını dəyişdiyi məlum olub. Araşdırmalarla M.Soltanovun Bakı şəhərində əvvəllər də eyni üsulla guya müalicə aldığı, lakin sonuncu belə “seans” zamanı sağlamlıq durumunun qəfil pisləşdiyi müəyyən edilib. Saxlanılan şəxslər polisə verdikləri ifadələrində M.Soltanovu 2 seans “müalicə” etdiklərini, ikinci seansın 40 dəqiqə çəkdiyini bildiriblər. Onların sözlərinə görə, M.Soltanov 40 dəqiqə nar çubuğu ilə döyülməsi nəticəsində ağır bədən xəsarətləri alaraq ölüb Eyni zamanda keçirilən tədbirlərlə Vüsal İbrahimovun yaşadığı evə baxış zamanı oradan 1 ədəd qanunsuz olaraq saxladığı “Toz-8” markalı tüfəng aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3 (bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 138.2-1-ci (Tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.//Virtualaz


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi