Xəzər rayonunda Hacı Gülağanın sususz qoyduğu adamlar – Vətəndaşı dövlətdən narazı salanlar niyə cəzasız qalır? VİDEO
İslam tarixi müqəddəs peyğəmbərmizin əshabələrini Aşura öncəsi susuzluğa məhkum edənlərin lənətlənməsini min dörd yüz ildir yaddaşında saxlayır. Suzuzluq insan üçün ən əzablı haldır. Xəzər rayonunun Binə qəsəbəsində sakinlərin uzun müddətdir su ilə sınağa çəkilməsi, susuzluq probleminin əlində girinc qalması da artıq tarixi bir faktdır. Bu yaxınlarda məşhur “youtube” videopaylaşma şəbəkəsində bu məsələ bir daha bütün kəskinliyi ilə ictimaiyyətin diqqətinə çatdırıldı. Və məlum oldu ki, öz müsəlman qardaşlarını susuzluğa düçar edən, əslində, soyadı müqədddəs dinimizin adından götürlən, özü isə islamın ən mühüm ibadətini yerinə yetirmiş bir adammış…
Bu adam – Hacı Gülağa İslamov Bakının qədim-qayım kəndlərinin əksəriyyətini əhatə edən bir rayonunda düz 23 il icra hakimiyyətinin başçısı olub. Onun rayona məxsus geniş torpaq sahələrini öz qohum-əqrabası və dostları arasında necə pay-püşk etməsi, barmaq basmağa yer qoymaması barədə söz-söhbətlər hələ səngiməyib. Özü, axır ki, yetmiş yaşında xətir-hörmətlə vəzifəsinidən azad edilib, istirahətə göndərilsə də, oğlu İlham İslamovun Şüvəlan bələdiyyəsindəki kürsüsü çox möhkəmdir… On beş ildir bələdiyyə torpaqlarını belədən-belə fırladır, gözünün üstündə qaş olduğunu da heç kim ona xatırlada bilmir.
Gənc bələdəiyyə sədrinin gələcək “arzuları” barədə mediada dolaşan ehtimallara toxunmadan keçək su məsələsinə…
“Xəzər rayonunun Binə qəsəbəsində susuzluğa etiraz edirlər. Onlar illərdir suyu evlərinə vedrələr və maşınlarla gətirirlər. Çarəsiz qalan sakinlər hətta yaxınlıqdakı heyvan sulamaq üçün nəzərdə tutulan kanaldan su gətirirlər”. “Youtube”nin faş elədiyi son durum belədir.
Yaşlı bir qadın - Cəmilə Ağaxanova 15-16 ildir Binədə yaşadığını, burda su görmədiyini bildirərək deyir: “Suya həsrətik, su tapa bilmirik. Bir köhnə maşınla su gətirirlər, üç gündən bir. Maşın da tez-tez xarab olur, qalırıq susuz… Belə yaşayış olmaz. Biz ta qırılırıq”. Su daşımqdan qollarının damarları partlayan bu qadınının vəziyyəti çox acınacaqlıdır.
Birinci qrpup əlil olan başqa bir sakin isə dövlətdən hər ay aldığı 300 manat müavinətin 60 manatını suya verdiyini bildirir. “Qazın, işığın da pulunu üstə gəl, ailəni saxlamaq çox çətinləşir”, - deyir. 10 ildir Binədə yaşayan əlil burada yolların da bərbad olduğun söyləyir, onlara göstərilən biganəlikdən narazılıq edir.
Yerli sakin Eldəniz Səfərov: “Boğazımızdan kəsib, suya veririk. Vedrə ilə daşıyırıq. Camaat açıq kanaldan su götürmək məcburiyyətindədir”. İkinci qrup əlil olan bu şəxs bir müddət əvvəl atasının hüzr mərasimi üçün suya 100 manat verdiyini, bunun dözülməz vəziyyət olduğunu bildirir.
Yaxınlıqdan keçən prospektin abadlaşdırıldığını, oradakı yaşıllığa hər səhər və axşam su verildiyini qeyd edən sakinlərdən biri “görünür, biz insanların bir ot qədər dəyəri yoxdur”, - deyir. Bu adam 10 ildir Binədə yaşaylr, Xəzər rayon icra hakimiyyətinin əvvəlki başçısı Gülağa İslamovu bir dəfə də olsun bu ərazidə görməyib. Təzə icra başçısından isə, heç olmasa, təsəlli gözləyir sakinlər. “Yəqin bir 15 il də bu işləyər, buralara ayaq basmamış çıxıb gedər”
Bu videosüjetə yazılan rəylərə diqqət yetirsəniz görəcəksiniz ki, Hacı Gülağa İslamov kimi məmurların öz vəzifəsini yerinə yetirməməsi sadə vətəndaşları dövlətdən necə narazı salır. Öz işini vaxtında görməyən, yaranan probelmi aradan qaldırmayan, vəzifə səlahiyyətlərindən yalnız öz şəxsi mənafeyi üçün istifadə edən məmur qalır bir tərəfdə, hamı dövləti, hökuməti söyüb yamanlayır.
Xəzər rayonunun kənd və qəsəbələrində illər boyu yığılıb qalan problemlər Hacı Gülağanın “vətənə necə xidmət etdiyini” göstərir. Belə şəxsləri mükafatlandırmaq yox, cəzalandırmaq lazımdır. Vəzifədə olduğu müddətdə özünün yarıtmaz fəaliyyətini ört-basdır etməyə, gözdən pərdə asmaqla dövləti də, dövlət rəhbərliyini də aldatmağa nail olmaq bəlkə də mümkündür. Amma uca tanrının ədalətindən yayınmaq hələ heç kəsə müəyəssər olmayıb.
Adamları susuzluğa düçar etməyin cəzası qaçılmazdır, Hacı!
Teref.az