Slavyansk şəhərində Qarabağda yaralanan azərbaycanlı əsgərlər üçün kurort?
Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhərində Qarabağ müharibəsində yaralanmış azərbaycanlı əsgərlərin müalicəsi üçün palçıq vannaları olan kurort yaratmaq planlaşdırılır. Virtualaz.org xəbər verir ki, bu barədə Krım Muxtar Respublikasının keçmiş kurortlar və turizm naziri Aleksandr Liyev “C-Plyus” telekanalına bildirib.
Krım ilhaq ediləndən sonra Liyev Ukraynaya keçib. Onun bildirdiyinə görə neftlə zəngin Azərbaycanın Slavyanskda kurort yaratmağa pulu və istəyi var. Keçmiş nazir deyib ki, bu ideyanı hələ Krımda nazir işləyəndə irəli sürmüşdü.
“Belə köməyi biz Krımda təklif etmişdik, beynəlxalq bazarı nəzərə almışdıq. Biz Qarabağ müharibəsində yaralanan azərbaycanlı əsgərlərin müalicəsi üçün xüsusi proqram işləyib hazırlamışdıq”,-Aleksandr Liyev deyib.
O əlavə edib ki, Azərbaycan hökuməti ilə birbaşa təmasları olub. “Xatırladıram ki, Azərbaycan neft ölkəsidir, Bakı Londondan daha bahalı şəhərdir, onların buna pulu var, pul əsirgəyən deyillər. Hazırda bu proqramı işləyib hazırlamaq olar. Zədələrdən əziyyət çəkən insanların Slavyanskda müalicəsinə dair daha bir sıra beynəlxalq maraqlar mövcuddur”,-keçmiş Krım naziri deyib.
Liyev Krımın Armyansk qəsəbəsinin sakinidir. Slavyansk şəhəri isə 2014-cü ildə rusiyameylli separatçılarla Ukrayna ordusu, könüllü batalyonları arasında şiddətli döyüşlərin getdiyi yerdir. Bu şəhər ağır döyüşlərdən sonra Ukrayna ordusunun nəzarətinə keçib.