Bakıda vəzifəli şəxslərin adı keçən ağac kəsmə əməliyyatı - rüşvət, hədiyyə kimi "Vertu"...
Dələduzluqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. O, başqa şəxsi rüşvət verməyə təhrik etməkdə də suçlanır.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində “Azəryaşlandşaft” ASC-nin Yaşıllıqların qorunması və mühafizəsi şöbəsinin mütəxəssisi olmuş Elçin Musayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Məhkəmə iclasında işin əsas təfərrüatları məlum olub.
Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, Musayev Yasamal rayonunda – Dövlət Sosial Müdafiə Fondunun yaxınlığında yerləşən torpaq sahəsindəki 9 ağacın köçürülməsi adıyla həmin ərazinin sahibi Ramiz Cabbarlıdan 33 min manat pul alıb qaytarmamaqda, dələduzluq etməkdə suçlanır.
Rəsmi ittihamda yazılır ki, E.Musayev pulu səlahiyyətli məmurlara rüşvət vermək adıyla alıb. Bununla həm də R.Cabbarlını rüşvət verməyə təhrik edib.
İstintaq orqanı E.Musayevə qarşı Cinayət Məcəlləsinin 178 (dələduzluq), 34.312-ci (rüşvət verməyə təhrik) maddələri ilə ittiham irəli sürüb.
Elan olunmuş ittihamla E.Musayev özünü qismən təqsirli bilib.
Sərbəst ifadə verən Musayev bildirib ki, pulu özü mənimsəməyib:
"Qarşı tərəflə razılaşdırılmış qaydada pulun bir hissəsinə türk işadamı üçün bahalı hədiyyə alınıb, bir hissəsi də Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşına verilib. Kiçik bir qismini də Cabbarlının öz işçisi İlham Süleymanov alıb xərcləyib.
İlham Süleymanov qardaşım Dövranın tələbə yoldaşı və dostu olub, Ramiz Cabbarlı da onun müdiridir. Bir gün İlham zəng eləyib dedi ki, müdirinin torpaq sahəsi var. Orada tikinti aparmaq üçün icazəsi də var. Ancaq tikinti sahəsindəki ağaclar orada tikinti aparmağa mane olur. Ona görə də ağacların köçürülməsinə icazə almaq üçün kömək lazımdır. Bir neçə gün sonra Ramiz Cabbarlı ilə görüşüb, ərziyə baxdıq. Həmin vaxt torpaq sahibinə Bakıda bir ağacın köçürülməsinin 2000-2500 manata başa gəldiyini dedim".
Təqsirləndirilən şəxsin sözlərinə görə, ərazidə 9 ağac olub: “Mən həmin vaxt Ramiz Cabbarlıdan soruşdum ki, torpaq sahəsilə bağlı hansısa problem varmı? Dedi ki, yox, hər şey qaydasındadır, heç bir problem yoxdur. Ramiz Cabbarlı 468 kvadrat metrlik ərazidə tikinti aparmaq üçün həm Bakı şəhər İcra Hakimiyyətindən, həm də Yasamal Rayon İcra Hakimiyyətindən icazəsi olduğunu dedi".
Musayev bu işdə özünü qismən təqsirli bilməsini belə izah edib:
"Mən Ramiz Cabbarlıya başqa bir alternativ variant təklif etdim. Dedim ki, Ali adlı əslən türk işi adamı var, həm öz ölkəsində çox nüfuzludur, həm də Azərbaycanda yüksək vəzifəli şəxslərlə əlaqəsi var. Əlaqələrindən istifadə edib, bu məsələni həll edə bilər. Ancaq Aliyə dəyərli hədiyyə alıb aparmaq lazımdır. “Vertu” markalı telefon almağı təklif elədim. Buna görə Ramiz Cabbarlı mənə 10 min 500 manat pul verdi. 500 manatı yolpulu, 10 min də hədiyyə üçün. Söz verdi ki, bu iş həll olunsun, mənə əlavə 2000-2500 manat verəcək".
E.Musayevin sözlərinə görə, pulu alandan sonra Ramiz Cabbarlının adamı onun yanına gəlib və pul istəyib:
"İlham Süleymanov gəldi ki, puldan mənə də ver. Ona dedim ki, hələ mənim özümə axırda verəcək. Yenə də yolpulu üçün verilən 500 manatdan 250-sini alıb apardı. Türk işadamına 8 min 200 manata telefon aldım. Amma sonradan üzə çıxdı ki, torpaq sahəsilə bağlı şikayətlər var, ərazi problemlidir, ona görə məsələ alınmır. Türk iş adamı Ali zəng eləyib mənə dedi, mən də Ramiz Cabbarlıya. O da təsdiqlədi ki, əvvəl məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib. Oranın mütəxəssisləri baxış keçirəndə ətrafdakı sakinlər ağacların kəsilməsinə etiraz edib. Dedim ki, gərək əvvəldən bunu mənə bildirəydiniz. Ramiz Cabbarlı mənə hədə-qorxu gəldi. Dedim ki, yeganə yol biri 2 min 500 manata ağacları köçürməkdir. Ramiz Cabbarlı razılaşdı. İşçisi İlhamla 9 ağaca görə 22 min 500 manat pul göndərdi. Bu dəfə işyoldaşım Nicatın nazirlikdəki tanışları vasitəsilə işi həll eləməyə çalışdıq. Amma bu dəfə də alınmadı. Mən o adama 2000 manat beh vermişdim. Bir müddət sonra İlham Süleymanov gəlib dedi ki, bahadır, özü həll eləyəcək. Utandığımdan Nicatdan 1700 manat aldım, İlhama verdim. Sonra ümumiyyətlə, bütün pulu geri qaytarmaq istəyəndə İlham dedi ki, 1700 manatı oğlunun təhsilinə xərcləyib, indi yerinə qoymağa da pul yoxdur. Həm də iş həll olunmasa, Ramiz ikimizi də məhv edəcək. Bundan sonra Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin şöbə rəisi Orxan Məmmədovla cəmi 15 min manata bu işi görməyi razılaşdıq. Ona ilkin olaraq, 10 min manat verildi. Amma o da işi uzatdı. Günlərin birində də zəng elədi ki, 9 ağacın ikisini kəsib, qalan 7-ni də kəsəcək. Etiraz etdim, kəsməyə qoymadım. Sən demə, İlhamın da ağacların kəsilməsindən xəbəri varmış...”.
Bu işdə özünü qismən təqsirli bilən Musayev sual edir ki, niyə Orxan Məmmədovla bağlı tədbir görülmür?
"Raniz Cabbarlı polisə şikayət edəndən sonra Nərimanov Rayon Polis İdarəsinin təhqiqatçısı mənim yanımda Orxan Məmmədova zəng elədi. Pul alıb-almadığını soruşdu. Orxan isə 10 min aldığını təsdiqlədi. Amma onu İlham Süleymanova qaytardığını dedi. Mən 22 min 500 manatın 1700 manatını İlham Süleymanova bir vermişəm, 2200 manatı da bank vasitəsilə bir göndərmişəm. 10 min Orxana vermişəm. 8 min 400 manatını özüm xərcləmişəm. Buna görə özümü qismən təqsirli bilirəm. Amma Orxan Məmmədov haqqında heç bir tədbir görülmədi".
Məhkəmə araşdırması davam etdirilir.