Daşkəsəndə məktəblilər arasında basketbol turniri keçirilib
“AzerGold” QSC və onun törəmə şirkəti – “Daşkəsən Dəmir Filiz” MMC-nin təşkilatçılığı ilə Daşkəsən rayonunda məktəb komandaları arasında basketbol turniri keçirilib.![]()
Daşkəsən Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyinin Gəncə–Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Elm və Təhsil Nazirliyinin Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin dəstəyi ilə keçirilən turnirdə ümumilikdə 6 məktəb komandası iştirak edib.![]()
Daşkəsən şəhəri 2 nömrəli tam orta məktəbin meydançasında keçirilən turnirin final oyunu və mükafatlandırma mərasimində məktəbin adını daşıdığı şəhid Anar Mürsəlovun anası Qızbəs Abbasova, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, “AzerGold” QSC-nin müşaviri Anar Abdullayev, “Daşkəsən Dəmir Filiz” MMC-nin baş direktorunun müavini Mirsadıx Yaqubzadə, eləcə də Gənclər və İdman Nazirliyi, regional qurum və idarələrin rəhbər şəxsləri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.![]()
Tədbirdə çıxış edən rəsmi şəxslər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, xüsusilə bölgələrdə idman infrastrukturlarının yenilənməsi və əlçatanlığının artırılmasından söz açıblar. ![]()
Bildirilib ki, bu kimi turnirlər yeniyetmə və gənclərin fiziki və sosial inkişafına, komanda ruhu, liderlik və məsuliyyət kimi müsbət keyfiyyətlərin formalaşmasına mühüm töhfə verir. ![]()
Nitqlərdə “AzerGold” QSC və “Daşkəsən Dəmir Filiz” MMC-nin korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirdiyi layihələrin bölgənin sosial-ictimai həyatında mühüm rol oynadığı qeyd olunub.![]()
Yekunda 3 günlük turnirdə qalib gələn komandalar, həmçinin “Ən yaxşı oyunçu” nominasiyasının qalibi və turniri idarə edən hakimlər mükafatlandırılıb. Qaliblərə kubok, medal və diplom təqdim edilib. ![]()
Qeyd edək ki, turnirin yekununda Anar Mürsəlov adına 2 nömrəli tam orta məktəbin komandası birincilik əldə edib. Yarışda 2-ci və 3-cü yerləri müvafiq ardıcıllığa uyğun olaraq Daşkəsən şəhəri, Səməd Vurğun adına 4 nömrəli tam orta məktəb və Daşkəsən şəhəri, İmadəddin Nəsimi adına 1 saylı tam orta məktəbin basketbol komandaları tutub.