Müharibədə iştirak edən və şəhid olan jurnalistlərlə bağlı AÇIQLAMA
Ermənistanın 2020-ci il boyunca yaratdığı gərginlik fonunda azərbaycanlı jurnalistlər də ciddi insidentlərlə qarşılaşıblar.
Bu barədə Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) Azərbaycan jurnalistlərinin 2020-ci il üzrə sosial durumlarına və media ilə bağlı baş vermiş hadisələrə dair yekun hesabatında qeyd edilib.
Brüsseldə fəaliyyət göstərən azərbaycanlı jurnalist Real Təhlil və İnformasiya Mərkəzinin (“Real TV”) Avropa bürosunun təmsilçisi Xatirə Sərdarqızı iyul ayında erməni millətçiləri tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb.
KİV işçiləri 44 günlük Vətən Müharibəsində, cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində cəlb edilmiş döyüşçü qismində iştirak ediblər.
Döyüş bölgəsində fəaliyyət göstərən jurnalistlər dəfələrlə Ermənistan silahlı qüvvələri tərəfindən atəşə məruz qalıblar.
Azərbaycan Dövlət Televiziyasının (AzTV) və İctimai Televiziyanın (İTV) əməkdaşları xüsusilə şiddətli atəş altına düşüb, şirkətlərə məxsus avtomobillər sıradan çıxarılıb. Füzuli Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Qayıdış” qəzetinin baş redaktoru Zibeydə Şakir isə işğaldan azad edilmiş ərazilərə səfər edərkən, minaya düşərək həlak olub.
Bu dövrdə təqribən 29 nəfər jurnalist ehtiyatda olan zabit və digər kateqoriyalar qismində səfərbərlik proqramına cəlb edilib, cəbhə xəttinə göndəriliblər. Onlardan dörd nəfəri döyüşlərin gedişində yaralanıblar, müxtəlif dərəcəli xəsarətlər alıblar. ATV-nin keçmiş montajçı-əməkdaşı Davud Qurbanov isə şəhid olub.
29 nəfərin sırasında 11 nəfərin döyüşlərdə fərqləndikləri üçün orden və medallarla təltif edilmələri barədə KİV-də və sosial şəbəkələrdə məlumat yayılıb.