azia.az
azia.az

Düşmən çökdü: 370 erməni hərbçisi, 12 tank, 12 zirehli texnika və 15 artilleriya qurğusu məhv edildi

5-04-2016, 11:00

Düşmən çökdü: 370 erməni hərbçisi, 12 tank, 12 zirehli texnika və 15 artilleriya qurğusu məhv edildi Aprelin 2-dən bu günə qədər Ermənistan silahlı birləşmələrinin cəbhənin təmas xəttindəki təxribatlarının qarşısının alınması nəticəsində düşmənin 370-dən artıq hərbi qulluqçusu məhv edilib.
Müdafiə Nazirliyi xəbər verir ki, aprelin 2-də gedən döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb.
Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb
Aprelin 3-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində birtərəfli qaydada düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini dayandırmasına baxmayaraq Ermənistan tərəfi vəziyyəti gərginləşdirməkdə davam edib.
Düşmən tərəfi itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edib və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutub.
Həmin gün və gecə ərzində aparılan döyüşlərdə ermənilər canlı qüvvə və hərbi texnika sarıdan çoxsaylı itkilərə məruz qalıb.
Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusu şəhid olub.
Cavab olaraq Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurublar. Əks hücum zamanı erməni silahlı qüvvələrinin 3 tankı və 30-dək hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə düşmənin bir batareyası darmadağın edilib.
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər və dəqiq vurulan atəş zərbələri nəticəsində böyük itkilərə məruz qalan erməni hərbi qulluqçuları vahimə içində silah-sursatlarını ataraq öz mövqelərindən qaçıb, panikada olan düşmən geri çəkilib.
Daha sonra birləşmələrimizin cavab atəşləri nəticəsində erməni tərəfinin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb.
Bu istiqamətdə düşmənin ən iri hərbi bazalarından biri sayılan, Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.
Aprelin 4-də axşam saatlarında düşmənin müdafiə xəttində, mühəndis baxımdan hazırlanmış və dairəvi atəşətutma üçün səngərlərdə yerləşən 3 ədəd döyüş tankı heyətlə birlikdə atəş gücü vasitəsilə məhv edilib.
Cəbhənin Xocavənd-Füzuli istiqamətində yerləşən hərbi birliyimiz də qarşı tərəfin atəş vasitəsilə yaşayış məntəqələrimizə ziyan vurmaq təhlükəsini minimallaşdırmaq məqsədilə düşmənin 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıblar.
Aprelin 4-ü gün ərzində və aprelin 5-i səhər saatlarınadək keçirilən əməliyyat tədbirləri və cavab atəş zərbələri nəticəsində ermənilər daha 70 nəfərədək canlı qüvvə sarıdan itkiyə məruz qalıb, 20-dək hərbi texnikası tam sıradan çıxarılıb.
Bütün cəbhə boyu son iki gün ərzində düşmənlə döyüşlərdə igidlik və rəşadətlə vuruşan Silahlı Qüvvələrimizin hərbi qulluqçularından 16 nəfəri şəhid olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi