Lənkəran şəhəri ərazisində keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə
2020-ci il 18 Avqust tarixində saat 09:57-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Lənkəran şəhəri, Liman qəsəbəsi ərazisində 2 ədəd tank əleyhinə minanın tapılması barədə məlumat daxil olub.
Azia.Az-a verilən məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Dövlət Sərhəd Xidmətinin və Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə TM-62M və 1 ədəd tank əleyhinə TM-62P minaları aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.
Tank əleyhinə minaların ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 18 avqust 2020-ci il tarixlərində 255 siqnal (əməliyyat çağırışı) əsasında 230 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, Xocavənd, İmişli, Qazax, Quba, Sabirabad, Salyan, Şabran, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 28 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilmiş, 489 ədəd partlamamış hərbi sursat (PHS), 11 ədəd piyada əleyhinə mina, 25 ədəd tank əleyhinə mina və 18 601 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilmiş, 82 930 kv.m ərazi yerüstü və 13 227 kv.m ərazi yeraltı yoxlanılmışdır.