Ağcabədi rayonu ərazisində keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə
2020-ci il 20 İyul tarixində saat 08:53-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağcabədi rayonu, Aran kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Azia.az-a verilən məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 5 ədəd 125 mm-lik top mərmisi (OF-26) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.
Top mərmisinin ətrafında 500 kv.m əraziyə yerüstü, 500 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 20 iyul 2020-ci il tarixlərində 206 siqnal (əməliyyat çağırışı) əsasında 184 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, Xocavənd, İmişli, Qazax, Quba, Sabirabad, Salyan, Şabran, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 4 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilmiş, 428 ədəd partlamamış hərbi sursat (PHS), 11 ədəd piyada əleyhinə mina, 20 ədəd tank əleyhinə mina və 7 414 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilmiş, 74 370 kv.m ərazi yerüstü və 11 341 kv.m ərazi yeraltı yoxlanılmışdır.