Qazax rayonu ərazisində keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə
Azia.Az-a verilən məlumata görə, 2020-ci il 09 İyul tarixində saat 12:17-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Qazax rayonu, Abbasbəyli kəndi ərazisində raketin tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd təlim məqsədli tank əleyhinə idarəolunmayan PQ-7V raketi aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.
Raketin ətrafında 200 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 09 iyul 2020-ci il tarixlərində 173 siqnal (əməliyyat çağırışı) əsasında 155 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, Xocavənd, İmişli, Qazax, Quba, Sabirabad, Salyan, Şabran, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 4 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilmiş, 401 ədəd partlamamış hərbi sursat (PHS), 11 ədəd piyada əleyhinə mina, 20 ədəd tank əleyhinə mina və 7 372 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilmiş, 69 715 kv.m ərazi yerüstü və 10 089 kv.m ərazi yeraltı yoxlanılmışdır.