Tovuz rayonu ərazisində keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə
Azia.Az-a verilən məlumata görə 2020-ci il 25 İyul tarixində Tovuz rayonu, Ağdam kəndi ərazisinə 4 ədəd mərminin düşməsi barədə Agentliyə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 2 (iki) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən - 1 (bir) siqnal (əməliyyat çağırışı) daxil olmuşdur.
Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 2 ev və həyətyanı sahədə 4 atəş nöqtəsinə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış və partlamış minaatan mərmisinin hissələri aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.
Atəş nöqtələrinin ətrafında 220 kv.m əraziyə yerüstü, 14 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 25 iyul 2020-ci il tarixlərində 221 siqnal (əməliyyat çağırışı) əsasında 197 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, Xocavənd, İmişli, Qazax, Quba, Sabirabad, Salyan, Şabran, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 23 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilmiş, 437 ədəd partlamamış hərbi sursat (PHS), 11 ədəd piyada əleyhinə mina, 23 ədəd tank əleyhinə mina və 16 184 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilmiş, 76 840 kv.m ərazi yerüstü və 11 516 kv.m ərazi yeraltı yoxlanılmışdır.