Tovuz rayonu ərazisində keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə
2020-ci il 15 İyul tarixində saat 08:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 09:13-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonunun Dondar Quşçu kəndi ərazisinə atılan mərminin evin həyətinə düşməsi və partlamaması barədə məlumatlar daxil olub.
Azia.Az-a verilən məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik top mərmisi (OF-56-1) və 1 ədəd RQM-2 partladıcısının gücləndiricisi aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.
Mərminin və partladıcının ətrafında 10 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 15 iyul 2020-ci il tarixlərində 180 siqnal (əməliyyat çağırışı) əsasında 161 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, Xocavənd, İmişli, Qazax, Quba, Sabirabad, Salyan, Şabran, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 4 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilmiş, 418 ədəd partlamamış hərbi sursat (PHS), 11 ədəd piyada əleyhinə mina, 20 ədəd tank əleyhinə mina və 7 414 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilmiş, 70 525 kv.m ərazi yerüstü və 10 291 kv.m ərazi yeraltı yoxlanılmışdır.