Sitrus və allergiya dövrü gəlir: “Pəhriz saxlamasalar, ağır fəsadlarla üzləşəcəklər” - FOTO
Sitrus və allergiya dövrü gəlir: “Pəhriz saxlamasalar, ağır fəsadlarla üzləşəcəklər” - FOTO
Təxminən iki həftə sonra payız gəlir. Bu fəsildə insanların immun sistemi zəifləyir. Köhnə xəstəliklər baş qaldırır, mövsümi qrip də özünü çox gözlətmir. İnsanlar immun sistemini qaldırmaq üçün təbii vasitə olan sitrus meyvələrinə üz tuturlar. Lakin heç də hamı həmin meyvələri yeyə bilmir - çünki allergik reaksiyalarla üzləşir.
Ümumiyyətlə, allergiya orqanizmin hər hansı maddəyə qarşı yüksək həssaslığı, reaksiyasıdır. Allergik xəstəliklər ilin bütün fəsillərində özünü büruzə verə bilər. Lakin insan orqanizmindən asılı olaraq bəzi allergiyalar mövsümi xarakter daşıdığından, əsasən yaz və payız aylarında özünü daha qabarıq şəkildə göstərir. Mövsümi allergiyalar təbiətdə baş verən dəyişikliklərlə əlaqədar yaranır. Allergiyaya payızda çiçək açan bitkilərlə yanaşı, mövsümi qidalar da təsir edir.
Sitrus meyvələrinə allergiyası olan insanların əksəriyyətində onları yedikdən və ya çiy sitrus meyvələrindən hazırlanmış içkidən sonra simptomlar yaranır. Çiy meyvənin dəriyə toxunduğu zaman da qızartı, səpki, yanğı müşahidə edilir.
Bəs görəsən, ümumiyyətlə xəstəliklərdən qorunmaq üçün hansı vitaminli qidalardan istifadə edilməlidir? Allergiyası olanlar nə etməlidirlər?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən terapevt Həbib Sahratovun sözlərinə görə, immun sistemini qaldırmaq üçün daha çox təbii qidalara üstünlük vermək lazımdır:
“Havaların soyuması ilə mövsümi xəstəliklər bir qədər çoxalır. Havanın temperaturu enəndə immun sistemi zəif olan insanların orqanizmində belə infeksiyaların inkişafı üçün şərait yaranır. Əsasən hipertoniya, qaraciyər və digər xroniki xəstəlikləri olan insanlar buna qarşı yetəri qədər dözüm göstərə bilmirlər. İmmun sistemini gücləndirmək üçün tədbirlər görmək lazımdır.
Daha çox meyvə-tərəvəz yeyilməlidir. Bununla yanaşı, immun sistemini gücləndirmək üçün bəzən peraparatlar da məsləhət görülür”.
Allerqoloq İldırım Qasımov əlavə edib ki, mövsümi allergiya əsasən yaz aylarında başlayır:
“Mövsümi allergiyalar üç aya qədər davam edir. Bu, müxtəlif bitkilərə qarşı olan allergiyalardır. Sitrus meyvələrindən naringi və ya mandarinə qarşı da allergiya olur. O zaman bitki mənşəli ot və dərmanlardan istifadə qadağan edilir.
Bitkiyə qarşı allergiyalar yoxdursa, o zaman sınaqlar qoyuruq. Bəzi meyvələrdən istifadə etməyə icazə verilmir. Əgər bitkiyə qarşı allergiya varsa, bitkilər də seçilir. Konkret bitki və meyvələrə qarşı allergiyası müəyyənləşdirilən adamlar onlardan uzaq durmalıdırlar. Ümumiyyətlə, xüsusi siyahı hazırlanır və orada nə yemək olar, yaxud olmaz göstərilir. Sitrus meyvələri, qoz, fındıq, balıq, şokolad, qəhvə, göbələk, süd, yumurtadan istifadə məsləhət görülmür. Xəstə özü artıq nəyə qarşı allergiyası olduğunu bilməli, ona uyğun pəhriz saxlamalıdır”.
İ.Qasımov qeyd edib ki, mövsüm bitəndən sonra allergik sınaqlar edirlər:
“Mövsüm vaxtı xəstəni sakitləşdirmək üçün dərmanlar məsləhət görürük. Sınaqdan sonra müəyyən edirik ki, şəxsin hansı bitkiyə qarşı allergiyası var. O zaman qadağa qoyuruq. Sitrus meyvələri yeyə bilmədikləri üçün onların immunitetini qaldırmaq üçün preparatlar veririk. Bir növ qadağan olunmuş qidaları əvəzləməyə çalışırıq”.
Həkim əlavə edib ki, mövsümə uyğun olaraq şəxslərdə birdən-birə allergiya xəstəliyi yarana bilər:
“Yaz aylarında diqqətli olmalıdırlar. Elə ağaclar var ki, yaz aylarında çiçəkləyir. O zaman allergiyası olanların çətin dövrü başlayır. Və ya allergiyası olmayanlarda allergiya yarana bilər. Müəyyən saatlar var ki, çölə çıxmaq olmaz. Məcburi çıxsalar, özlərini qorumalıdırlar. Ağaclar tozcuqları havaya səhər çağı buraxır. Həmin vaxt çöldə gəzmək olmaz. Astma xəstəliyi yarana bilər. Göz qaşınacaq, burun sulanacaq. Diyeta saxlanmasa, müalicə yarımçıq olsa, xəstə boğulmağa başlayacaq. Mövsüm vaxtı hər bir şəxs özünü qorumalıdır.
Mövsümdən öncə üç-beş illik müddəti olan iynələr hazırlayıb, xəstələrə vururuq. Bitkiyə qarşı allergiyanın qarşısını alırıq. Effekti yaxşı olur. Xəstəliyin irəliləməsinin qarşısı alınır. Bu xəstəlik mütləq müalicə olunmalıdır. Olmasa, insanlar ağır fəsadlarla üzləşə bilərlər”.
Nəzrin Vahid