Allergiyanın bilinməyən qeyri-səciyyəvi simptomları
Baharın gəlişi və müxtəlif bitkilərin aktiv çiçəkləmə dövrünün başlanması ilə allergiyadan əziyyət çəkən insanların çətin günləri başlayır. Allergiyanı adətən burun axması və asqırma, dəri və selikli qişalarda qaşınma ilə ayırd etmək mümkündür. Lakin allergiya daha az səciyyəvi simptomlarla da özünü göstərə bilər. Bu barədə allerqoloq-immunoloq Yekaterina Çernışova bildirib.
Bildirilir ki, mütəxəssisin sözlərinə görə, allergik xəstələrdə həmçinin qida pozğunluqları, virus infeksiyaları və hətta psixi xarakterli xəstəliklər belə müşahidə oluna bilər.
"Belə ki, uzun sürən allergik xəstəlik depressiya və nevrozla da nəticələnə bilər", - deyə ekspert bununla bağlı təfərrüatı bölüşüb.
"Qida allergiyası zamanı ürəkbulanma və qusma, qarında ağrılar, qəbizlik və ya ishal, gəyirmə və mədə qıcqırması kimi simptomlar müşahidə oluna bilər.
Allergik konyunktivit isə gözlərdə ağrı, fotofobiya (işığa qarşı həssaslıq) və lakrimasiya (göz yaşı axıntısı) ilə müşayiət oluna bilər.
Allergiyanın qeyri-səciyyəvi simptomları sırasında həmçinin qan təzyiqinin azalması və ya artması, həmçinin bədən istiliyinin artmasını da söyləmək olar", - deyə Çernışova xəbərdarlıq edib.