"Pullarını qumara, qadına xərcləyirlər" - Psixoloq
Türkiyədə narkotik araşdırması genişləndikcə həbs olunanların və barəsində ev dustaqlığı qərarı verilənlərin sayı da artır. Məlum olur ki, ölkədə məşhur və zəngin olan insanların çoxu narkotik, qumar və nikahdankənar münasibətə meyllidir.
Varlı adamların pis məşğuliyyətlərə həvəs göstərməsinin səbəbi nədir? Niyə onlar cəmiyyətin maariflənməsinə və mənəvi cəhətdən zənginləşməsinə xidmət edən fəaliyyətlərə az maraq göstərirlər?
Psixoloq Vüsalə Rüstəm Metbuat.az-a açıqlamasında deyib ki, varlı insanların çoxu əvvəllər kasıb olubl. Ödənməyən emosional hislər, arzular, xəyallar, pul olmayanda onları yarı yolda qoyan qadınlar, dostlar belə insanlara travma yaşadıb. Keçmişin yadigarı olan kədərli izlər var-dövlət, mənsəb sahibi olandan sonra daha çox sızıldamağa başlayır. Həmin insanlar keçmişdən qisas almaq istəyirlər. Buna görə də əllərinə düşən pulu qumara, qadına, narkotikə verirlər. Ağla gəlməyən ən pis vərdişlərə pul xərcləyirlər, amma kasıb bir adam nəsə istəsə, ona kömək etmirlər. Burada bir deyim yada düşür: Pulun yaratdığı şəxsiyyətlərdən qorxacaqsan. Bütün dünyanı gəzir, hər şey alır, bir deyil, onlarla qadına sahib olur, ancaq daxilindəki böyük mənəvi emosional boşluğu doldura bilmir. Bunun da öz səbəbi var. Varlı adamların ətrafında hər zaman yaltaq, ikiüzlü, qorxaq, puldan başqa heç nəyi olmayan mənəvi cəhətdən boş insanlar olur. Bəxt üzünə güldüyü üçün varlanan adam düşünür ki, pul məndədirsə, deməli, hər şeyin doğrusunu mən bilirəm. Onlar belə vərdişləri normal hesab edir, onu həyatlarının mənası bilirlər. Əslində isə beyin zamanında aldığı travmaları yalançı hislərlə aldadır".
Psixoloq deyib ki, gənclərin maariflənməsinə, mənəvi inkişafına pul xərcləyən insanlar həmişə olub, amma bu tendensiya kütləvi xarakter almayıb: "Bəzi insanlar özünü inkişaf etdirir, keçdiyi çətin yolları unutmur, kamilləşir. Kami insanda mərhəmət duyğusu qabarıq olur, həyatı dərk edir. Belə adamlar pis vərdişlərdən uzaq olur, meşşan həyat tərzi keçirmirlər. Əslində, söhbət varlı və kasıb deyil, kamil və cahil insandan gedir. Cahil adamın heç bir hərəkəti bizi təəccübləndirməməlidir".
Səbinə Hüseynova