Generalla zərərçəkənlər məhkəmədə dalaşdı: “Şərəfsiz, sənə nə etmişdim ki...”
Generalla zərərçəkənlər məhkəmədə dalaşdı: “Şərəfsiz, sənə nə etmişdim ki...”
Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hazırda prosesdə iş üzrə zərərçəkən şəxslərin çıxış mərhələsidir.
Sentyabrın 8-nə təyn olunan proses təqsirləndirilən Mövlam Şıxəliyevlə zərərçəkənlərin söz davasından sonra pozulub.
Məhkəmə nəzarətçiləri Mövlam Şıxəliyevi məhkəmə zalına gətirib, onun üçün ayrılan qəfəsə salıblar. Bundan sonra zərərçəkən Hüseyn Səfərov üzünü arestant generala tutaraq deyib:
“Bunun ədasına bax. Utan eee. Abrın-həyan olsun, kişiyəm deyirdin. Sənsən kişi? "Kişi kimi söz verirəm" deyənə bax. Sənin mənliyin, kişiliyin yoxdur. Sən kişilikdən daha danışma..."
Mövlam Şıxəliyev Hüseyn Səfərova cavab vermək istəyib, bu zaman digər zərərçəkən Bahəddin Həziyev ona imkan verməyib:
“Sənin burada özünü ədalı aparmağa haqqın yoxdur. Sən bizlərə qarşı ağır cinayət eləmisən. Bizim evlərimizi yıxmısan. Mənim oğlumu ləkələmisən, məni ağır duruma salmısan. Şərəfsiz, mən sənə nə etmişdim? Atanı öldürmüşdüm? Mənim oğlumu niyə ləkələdin? Kişilikdən danışma, sənin buna haqqın yoxdur. Bizə vurduğun zərərləri qaytarmasan, səndən əl çəkən deyilik. Sən şərəfsizsən”.
Mövlam Şıxəliyevin zərərçəkənlərə ağır sözlər deməyə başlayıb. Məhkəmə nəzarətçiləri tərəfləri sakitləşdirməyə çalışıblar. Lakin buna nail olmayıblar. Nəzarətçilər aranı sakitləşdirmək üçün arestant generalı tez-tələsik məhkəmə zalından çıxarıblar.
Hakim Elbəy Allahverdiyev tərəflərə xəbərdarlıq etməklə onları sakitliyə riayət etməyə çağırıb. Əks təqdirdə, məhkəmə zalından çıxarılacaqlarını deyib.
Bundan sonra zalda olan digər 3 təqsirləndirilən şəxsə və zərərçəkənlərə müraciət etməklə çıxış etmələrini istəyib. Təqsirləndirilənlər və zalda olan zərərçəkənlər çıxışa hazır olmadıqlarını bildiriblər. Hakim bu səbəbdən məhkəmənin sentyabrın 13-nə qədər təxirə salındığını elan edib.
Xatırladaq ki, sentyabrın 6-da keçirilən prosesdə Bahəddin Sultanov MTN-də üzləşdiyi qanunsuzluqlardan danışmışdı.
Zərərçəkən bildirmişdi ki, Vüsal Ələkbərov onun oğlunu qanunsuz olaraq tutub. Bundan sonra ondan Vüsal Ələkbərovun kabinetində oğlunun azad edilməsi üçün 1 milyon dollar tələb ediblər. Pulu vermək istəməyib, özünü də 2 gün qanunsuz olaraq saxlayıblar. Bundan sonra kabinetində şəxsən Mövlam Şıxəliyevə 350 min dollar verib. Bundan sonra oğlunu azad ediblər. Zərərçəkən ona vurulan ziyanın geri qaytarılmasını tələb edib.
Həmin prosesdə zərərçəkən Hüseyn Səfərov çıxışında demişdi ki, mütəşəkkil cinayətkar quldur dəstənin rəhbərləri hazırda azadlıqdadırlar. O, Mövlam Şıxəliyevin ona kişi sözü verdiyini də açıqlamışdı: “Bu gün Zakir Qaralov, Rüstəm Usubov, Eldar Mahmudov azadlıqdadırlar. Məni və digər zərərçəkənləri onlar Mövlam Şıxəliyevin vasitəsilə girov götürüblər. Bizləri girov götürməklə ailələrimizdən külli miqdarda pul aldılar. Məhkəməsiz-filansız mənim ailəmdən 2 milyon dollar pul alıblar. Bu gün də kirayələrdə yaşayırıq. Mövlam Şıxəliyev bu məhkəmə zalında mənə özü dedi ki, sən də daxil olmaqla, 3 zərərçəkənin pulunu Eldar Mahmudov verəcək. Dedi ki, kişinin sözü bir olar. Bu söhbət 8-9 dəfə təkrarlanıb”.
Həmin prosesdə Mövlam Şıxəliyevin müdaxiləsindən sonra Hüseyn Səfərov fikrini sona çatdıra bilməmişdi.
İttihama görə, Mövlam Şixəliyev MTN-in İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər. İstintaqla Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib. Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Mehrac Qurban oğlu Qurbanov, Etibar Vahid oğlu Cəfərov, Akif Teymur oğlu Qurbanov, Orxan Elman oğlu Abdullayev, Cavidan Mustafa oğlu Hacıyev, Railə Rafkat qızı Musayeva, Kəramət Etibar oğlu Əliyev, Zaur Ağahüseyn oğlu Əliyev, Afət Davud oğlu İsmayılov, Azad Niyazi oğlu Rəşidov, Hüseyn Nəriman oğlu Səfərov, Müsənnif Hilal oğlu Salahov, Ceyhun Mahmud oğlu Seyidov, Əhməd Məhəmməd oğlu Mirzəyev, Sərdar Əhməd oğlu İsmayılov, Elvar Layıq oğlu Əliyev, Seyran Burhan oğlu Nəcəfov, Rauf Faiq oğlu Kərimov, Qulam Davud oğlu Bağırov, Qüdrət Baloğlan oğlu Baloğlanov, İbrahim Məhəmməd oğlu Zeynalov, Rauf Qasım oğlu Həsənov, Ələddin Hüseyn oğlu Əliyev, Anar Sadıx oğlu Heydərov, Bahəddin Abdulla oğlu Sultanov, Elşən İsmayıl oğlu Mədətov, Ağasalam Mövlud oğlu Ağamalıyev, Namil Heydər oğlu Rzayev, Etibar Mahmud oğlu Əliyev, Nizami Firudin oğlu Kazımov, Əfsəl Xanlar oğlu Həsənəliyev və Esmira Məcid qızı Bayramova zərərçəkiblər. Cinayət işi üzrə 36 zərərçəkmiş şəxs var.
"Yeni Müsavat"