Ağıllı korrupsioner səmimi ifadə versəydi...
Orta yaşdan yuxarı vətəndaşlarımızın, demək olar ki, hamısı Fərman Kərimzadənin “Qarlı aşırım” romanının motivləri əsasında çəkilmiş “Axırıncı aşırım” filminə baxıblar.
O filmdə belə bir epizod var: Qarabağlar kəndinin muzdur-bolşeviki İmanın iştirakı ilə şura hökumətinin nümayəndələri kəndin varlısı Kərbalayi İsmayılın evinə gəlir və onun anbarındakı taxılı müsadirə edirlər. O da məhz bundan sonra hökumətə qarşı qiyam qaldırır, camaatı başına yığıb hökumətə müqavimət göstərir.
90 il öncə uzaq Sibirdən, Orta Asiyadan tutmuş ta Ukraynanın Polşa sərhədlərindəki xutorlara qədər ölkənin hər yerində belə olub: bolşevik hökumətinin nümayəndələri gənc kommunist və komsomolçuların iştirakı ilə varlı adamları dövlətin nəfinə qarət ediblər, üstlərinə “qolçomaq”, “mülkədar” adları qoyaraq, mal-qaralarını, əkin sahələrini, anbarlarındakı azuqələri, evlərində ələ keçən qızıl-zinət əşyalarını zorla ələ keçiriblər.
Demək olar ki, qıraqda qalan olmayıb. O dövrün bütün zənginləri iflasa uğradılıblar, varidatını könüllü verməyənlərin qonu ya qəbir, ya Sibir, ya da cəlayi-vətənlik olub. Yalnız az-az fəndgir, uzaqgörən adamlar vaxtında ağıllı tərpənərək, qiymətdə ağır, vəzndə yüngül daş-qaşlarını ya küplərə doldurub heç kəsin bilmədiyi yerlərdə basdırıblar, ya da etibarlı bir simsar adama əmanət ediblər. Tam əksəriyyətin sərvəti isə sovet hökumətinin əlinə keçib.
Uzun illər öncə bir ağsaqqal, 30-cu illərdə fəal bolşevik olduğuna görə milis şöbəsinə işə götürülən şəxs pensiyasını almaq üçün əmanət kassasının qarşısında növbəyə durarkən, tay-tuşlarına danışırmış ki, o vaxt bəylərin evlərdindən küp-küp, kilo-kilo qızıl-gümüş müsadirə edib və hamısını aparıb dövlətə təhvil verib. “O küplərin heç olmasa birini özümdə saxlasaydım, indi bu hökumətin verdiyi cüzi pensiyanın ümidinə qalmazdım” deyə o, sitəm edirmiş.
Yəni, heç bir varlı şəxs öz varidatını şura hökumətinin fəal bolşeviklərindən və hər məhəllədən səfərbər olunmuş çuğullardan gizlədə, üstəlik, mərhumiyyətlərlə dolu müharibədə, sonrakı aclıq illərindən salamat keçirib miras qoya bilməzdi. Mümkün deyildi. O vaxtın varlıları barmaqla sayılacaq qədər az idilər. Hamısı da tanınırdı. Bu ölkənin ən zəngin adamı Hacı Zeynalabdin Tağıyev olub, onun indiki pulla ölçsək milyardlıq varidatından səfalət içində yaşayan qızına heç nə qalmamışdı.
Bu baxımdan İmişlinin sabiq İH başçısı Vilyam Hacıyevin “6 milyonluq varidat mənə arvadımın babasından qalıb” deməsi suda boğulanın saman çöpündən yapışması kimi absurd, eyni zamanda gülünc söhbətdir.
Məlum olduğu kimi, bu ifadə məhkəmədə səsləndirildiyi gündən bəri sosial şəbəkə istifadəçilərinin lağlağı predmetinə çevilib. Hərə bir söz qoşur, istehza və sarkazm həddini aşıb.
Ümumiyyətlə götürəndə Vilyam Hacıyev bu sözü işlədən ilk və yeganə adam deyil. Bundan əvvəl də korrupsiya və rüşvətxorluqda ittiham olunan bir çoxları əllərində olan böyük varidatın mənbəyini soruşanlara çox zaman belə cavab verirdilər: “Atam uzun müddət məsul vəzifələrdə işləyib, yaxşı maaş alıb, yığımcıl olub, yığdığını bizə miras qoyub”. Yaxud da özünün erkən gənclikdən bəri işlədiyini, qazanıb yığdığını deyənlər vardı. Rəsul Quliev isə gen-bol xərclədiyi pulların qaynağı olaraq ixtiralarını, yazdığı kitabdan aldığı qonorarı göstərmişdi.
Əlbəttə, bütün bunlar havayı söhbətlər idi. Sovet dövründə yüksək maaş alanlar az idi və onların qazancları dolanışıqlarına, övlad oxutdurmağa, evləndirməyə güclə yetirdi. Söhbət rüşvətdən və zəhmətsiz gəlirlərdən gedirsə, bəli, sovet dövründə də bir neçə yüz min rublu, hətta milyonu olanlar vardı. Amma onları əvvəl-axır ifşa edib tuturdular və çoxunu güllələyirdilər.
“Atamdan miras qalıb” deyənlər isə dolayısı ilə atalarının rüşvətxor olmasına dair gecikmiş ifadə verənlərdir.
Ağıllı korrupsionerlər gərək belə şey edərək, xalqı özlərinə güldürməsinlər. Hər kəs o kabinetlərdən, qarajlardan çıxan milyonların, müsadirə olunan və olunacaq villaların, lüks avtomobillərin hansı yollarla “qazanıldığı”nı bilir. Və istənilən ciddi və gülünc arqument onları məsuliyyətdən xilas etməyəcək. Salamatı “bir işdir, olub, fəaliyyətim zamanı neqativ hərəkətlərə yol vermişəm, bisneslə məşğul olmuşam” demək və əfv diləməkdir. Onsuz da 3-5 ilə bütün korrupsionerləri həbsdən buraxırlar. Heç olmasa o vaxt camaat yenidən “ata, qayınata mirası” söhbətini yadına salıb yeni lağlağı kampaniyasına başlamaz.