Qiymətdə müasir avtomobilləri geridə qoyan sovet maşınları - Videoreportaj (FOTOLAR)
Müasir dövrün tələblərinə cavab verməsə də, yanacağa qənaəti və ehtiyat hissələrinin ucuz başa gəlməsi bu maşınları digərlərindən fərqləndirir. Lakin, bu sözləri keçən əsrin 70-ci illərində istehsala verilən VAZ 2101 və VAZ 21011 avtomobilləri haqqında demək olmur.
Belə ki, VAZ 2106, VAZ 2107-dən bir qədər öncəki nəsil hesab edilən VAZ 2101-in ehtiyat hissələrinin satış qiyməti o qədər bahadır ki, hətta bəzi xarici avtomobillərin qiymətini üstələyir. Səbəbini aydınlaşdırmaq üçün bu avtomobillərin ehtiyat hissələri satılan bazara yollandıq.
Uzun müddət maşın hissələrinin satışı ilə məşğul olan Məzahir adlı şəxs VAZ 2101-in hissələrinin çətinliklə tapdıqlarını bildirdi: "Maşın hissələrini ən çox Rusiya və Gürcüstandan alırıq. Rayonlarımızdan da gətiririk, amma çox vaxt yaxşı vəziyyətdə olmur. Əla vəziyyətdə olan detalları isə tapmaq çox çətindir.
Gündüz adlı digər bir satıcı ehtiyat hissələrinin baha olmasının başqa səbəblərini də açıqladı: "VAZ 2101 köhnə buraxılış olsa da, hər detalına "bahadı" demək olmaz. "Jiquli" markasının avtomobil hissələri bir-birinə uyğun gəldikləri üçün, çox vaxt birini digərinə əlavə etmək olur. Belə detallar ucuz qiymətə olur. Bəzi detalar da var ki, zavodda həmin hissələr məxsusi olaraq, məhz həmin avtomobilə aiddir və heç bir maşına uyğun gəlmir. Bahalı hesab olunan da elə həmin hissələrdir".
Reportajımızın gedişatı zamanı qırmızı rəngli, əla vəziyyətdə olan VAZ 2101 gözümüzə dəydi. Fərid adlı sahibindən avtomobil haqda məlumat aldıq. O, maşın bazarına tez-tez baş çəkdiyini və avtomobilinə lazım olan ehtiyat hissələrini buradan rahatlıqla tapdığını bildirdi:
"Bu avtomobil 1979-cu ildən bəri babama məxsusdur. Daha sonra atama və ən sonda mənə qismət olub. Özüm də belə maşınların həvəskarıyam. Tez-tez bura gəlib avtomobilin köhnə hissələrini yenisi ilə əvəzləyirəm. Bu işdən zövq alıram və daim çalışıram ki, avtomobil ilk gündəki kimi gözə çarpan olsun. Belə də olur, kim görürsə maraqlanır. Xırda detalları nəzərə almasaq, ən çox buferinə - 200 manat xərcləmişəm".