azia.az
azia.az

Milli rüşvətxorluğun “nə verirsən, ver” dönəmi

5-09-2016, 11:28

Milli rüşvətxorluğun “nə verirsən, ver” dönəmi
O gün bir xeyir iş məclisindəydim. Təsəvvür edin ki, məclisdə iki cavandan biri mən idim, qalan hamısı tipik sovet adamlarıydı - yaşları 60-70

Masadakı 10-dan artıq kişinin cəmi 3-4-ü spirtli içki nuş edirdi, üçü sürücü idi, o birilərinin də içməyə səhhətləri yol vermirdi. İçki mövzusunda açılan və “ən yaxşı arağı sovet vaxtı buraxırdılar, Andropovski araqlar nəyə desən, dəyərdi” replikası ilə başlayan söhbət Sovet Sosialist Respublikalar İttifaqının, türkün sözü, özlənməsi ilə davam etdi.

Məlum oldu ki, ağsaqqallardan bəziləri sovet dövründə təsərrüfat rəhbəri, müəssisə müdiri, bölmə rəisi kimi vəzifələrdə işləyiblər. O da məlum oldu ki, onlar müstəqillik dövründə daha yaxşı və daha pullu vəzifələrdə çalışıblar, yaxşı da qazanıb, özlərinə ev-eşik düzəldiblər, oğul-uşaqlarına da gün ağlayıblar.

Amma hamısı bir ağızdan sovet dövrünü tərifləyirdi. Biri deyirdi, sovet vaxtı filan şeyi filan cür eləsəydik, basardılar, gedərdik, türmədə çürüyərdik, indi qorxusu yoxdur.
Anlaşılan o idi ki, bunlar sovet dönəmində qorxa-qorxa 3-dən, 5-dən qazanan, çırpışdıran adamlar olublar və nə əldə ediblərsə, qorxub-ürkmədən müstəqillik dönəmində əldə ediblər. Di gəl, onlar sovet dövrünün xiffətini çəkirlər.

Özlüyündə bu, fenomenal haldır. İnsan qorxa-qorxa yaşadığı və az qazandığı dövrü qorxub-çəkinmədən N qədər pul-para çırpışdırdığı dövrdən üstün tutur.

Ağsaqqallardan biri bu durumu izah edən bir monoloq söylədi: “Mən Əhmədzadə ilə işləmişəm. İndiki su təsərrüfatı naziri var ha, bax o kişiylər. O, bizim rayonun birinci katibi idi, mən də ildə 10 milyon gəliri olan təsərrüfatın rəhbəriydim. O kişi məndən bir dəfə də olsun, bir qəpik rüşvət almadı, heç nə ummadı. Sadəcə, bəzən rayona qastrola gələn artsitləri, müğənniləri yanıma göndərirdi, qonaq edib yola salırdım, vəssalam. Bir də bir prokuror vardı, mənim təsərrüfatıma təhkim etmişdilər. Fikirləşirdim ki, bunun cibinə bir-iki min manat qoyum, xərcləsin. Nə o diliylə istəyirdi, nə də mən risk edib sovet prokuroruna rüşvət verirdim. Axırda bir gün bir məclisdə yeyib-içərkən ara açıldı, prokuror dedi ki, mən bu rayona lüt gəlmişəm, heç nəyim yoxdur. Ondan sonra bir az əl tutduq ki, adam özünə şərait yaratsın”.

Yekun qənaət bundan ibarət oldu ki,

*sovet məmurları indikilərə baxanda xeyli dərəcədə gözü-könlü tox imişlər;
* sovet dövründə alınan, verilən pullar rüşvətdən çox şirinlik, halallıq səciyyəsi daşıyırmış;

* sovet vaxtı vəzifələrə təyinatlar çox vaxt müftə-müsəlləm, bəzən isə yüngül xərclə başa gəlirmiş;

* sovet vaxtı xalq malını açıq-aşkar mənimsəyənlər, qudurub harınlayanlar mütləq cəzalanırmış, ona görə də hamı bir böyürdən az-az yeməyi üstün tuturmuş, dartıb-dağıtmırmış.

Xülasə, söhbət bu istiqamətdə gedirdi və hamı da bu fikirdə idi ki, indiki dövrlə sovet dövrünü müqayisə etmək olmaz. Ona görə ki, indinin məmurları çox acgöz, mərdiməzar, ikiüzlü və etibarsızdırlar.

Əlbəttə, keçən günə gün çatmaz deyiblər. Belə nostalji dolu söhbətlərdən gündə bir milyonu olsun, xeyri yoxdur. Əsas odur ki, o “halal” sovet məmurları qorxa-qorxa şirinlik ala-ala, xırda çaplı maxinasiylar edə-edə, qohum-əqrəbalarının adına sovet maşınları götürə-götürə, evlər tikdirə-tikdirə, daha çox varlanmaq ehtirası ilə yaşaya-yaşaya bir gün istədikləri mühiti əldə ediblər və “at arğacı, vur qılıcı” dönəmi başlayıb.
Bəs indi onlar niyə nankorluq edirlər və kasıb, qorxulu sovet dövrünün xiffətini çəkirlər?
Bu sualın cavabını da sovet və müstəqillik dövrünün məmuru olmuş ağsaqqalardan birinin söhbətində tapmaq olar: “Sovet vaxtında nə qazanırdıqsa, çoxu özümüzə qalırdı. İndi isə qazandığımızın çoxunu əlimizdən alırlar və tez-tez də ilişdirib deyirlər, bizə dəxli yoxdur, hardan tapırsınız, tapın, bizim hesabımızı gətirin. İndi açıq alver gedir. Sovet vaxtı adamdan rüşvət tələb etmirdilər, indi adamın boğazına çökürlər”.

Bəli, heç demə, sovet dövrü ona görə özlənir ki, rüşvətxorluğun miqyası kiçik imiş və rüşvəti adamdan birbaşa tələblə yox, eyhamla, “nə verirsən, ver” həcmində alırmışlar. İndi isə açıq şəkildə tələb edir, aylıq xərac şəklinə salır, düzəldib verə bilməyəndə şərləyir, torba tikir, adamın başına oyun açırlar.

Yəni bizim camaat demir ki, rüşvət, korrupsiya olmasın, halallıq, dürüstlk olsun, deyir ki, rüşvət də verilib-alınsın, korrupsiya da olsun, amma miqyası kiçik olsun və bütün əməliyyatlar örtülü bazarda, mədəni çərçivədə getsin.(musavat.com)


Yazar : Samir SARI


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi