İş adamı və keçmiş xanımının hotel qalmaqalı- Bu sözünə görə hakimdən Məhkəmə-Hüquq Şurasına şikayət edildi
İş adamı Yasamal Rayon Məhkəməsinin hakimi Fərid Əyyubovla bağlı maraqlı iddia səsləndirib. Artıb bu iddia ilə bağlı Məhkəmə-Hüquq Şurasına şikayət də edilib.
Musavat.com xəbər verir ki, söhbət iş adamı Barat Abdullayev və keçmiş həyat yoldaşı arasında olan mülk çəkişməsindən gedir.
Belə ki, “Tarqovı”da yerləşən “NEMİ” hoteli Barat Abdullayevə məxsus olub. Boşandığı xanımı Təyminə Yusifova hotelin boşaldılması və təhvil verilməsi ilə bağlı iddia qaldırıb.
Təyminə Yusifova iddianı hotelin işçiləri Tehran Rzayev və Şaiq Əhmədova qarşı qaldırıb.
Tərəflər iddia edir ki, qətnamədə cavabdehlər Tehran Rzayev və Şaiq Əhmədovun hoteli boşaltması qeyd edilib. Amma bir müddət sonra təqdim olunmuş qətnamədə həmin şəxslərin adı çıxarılıb.
Barat Abdullayev Məhkəmə-Hüquq Şurasına şikayət edib.
Xatırladaq ki, iş adamı ilə keçmiş həyat yoldaşı arasında illərdir mülk üstündə məhkəmə çəkişmələri davam edir.
Barat Abdullayevin şikayəti əsasında Təyminə Yusifova dələduzluqda və sənədlərin saxtalaşdırılmasında təqsirli bilinərək həbs edilmişdi. T.Yusifova ərinə məxsus evi şəxsiyyət vəsiqəsində özünü subay göstərərək satıb, pulu ələ keçirmişdi. Məhkəmədə isə həmin pulun bir hissəsini falçılara verdiyini demişdi. T.Yusifova məhkəmə zalından həbs edilmiş, bir müddət həbsdə qaldıqdan sonra azadlığa çıxmışdı.
İndiki mübahisə isə hotelə görə başlayıb. Barat Abdullayev məhkəmədə bildirib ki, hotelin sahibi özüdür.
“Hotelin məndən alınıb Təyminəyə verilməsi üçün çıxarılan qərar gülüncdür. Hotel mənimdir, amma işə üçüncü şəxs kimi cəlb olunmuşam. Əslində, mən həmin iş üzrə cavabdeh olmalıyam. Tehran Rzayev hoteldə sadəcə işçi olub, məhkəmədə qətnamə çıxarılmazdan əvvəl hansı səbəbdən iş üzrə adının hallanmasını anlamayaraq öz ərizəsi ilə işdən çıxıb. Şaiq Əhmədovun isə ümumiyyətlə, hotelə və mənə aidiyyəti yoxdur”.
İş adamı qeyd edir ki, hakim Fərid Əyyubov zalda qətnamənin nəticə hissəsini elan edərkən bildirib ki, Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi 9 ünvanında yerləşən ofis və qonaq evində cavabdehlər Əhmədov Şaiq Əlihədin oğlunun, Rzayev Tehran Əbülfət oğlunun fəaliyyətinə qadağa qoyulsun, onlar qonaq evindən çıxarılsın, bu şəxslər tərəfindən daşınmaz əmlak boşaldılaraq iddiaçıya təhvil verilsin.
Hakim isə cavabında deyib: “Siz elə yazsanız da, mən iddianı qismən təmin etmişəm, cavabdehlər tərəfindən əmlak boşaldılsın”. Lakin məhkəmə prosesindən sonra vəkilimə təqdim edilən qətnamədən çıxarışdan görünür ki, qətnamədən “bu şəxslər tərəfindən” sözləri çıxarılıb və ümumiyyətlə, əmlakın boşaldılmalı olması qeyd olunub”.
Vəkili Bəylər Məmişov Musavat.com-a bildirib ki, məhkəmə iclasının audio-video yazısı ilə tanış olublar.
Qətnamənin nəticə hissəsində Tehran Rzayev və Şaiq Əhmədovun hoteldən çıxarılmaları göstərilib.
“Audio-video yazıdan qətnamənin elanından sonra qarşı tərəfin sullarına cavab olaraq hakimin dəfələrlə “bu şəxslər tərəfindən hotelin boşaldılmalı” olması fikrini təsdiq etməsi aydın şəkildə eşidilir. Buna baxmayaraq, hakim qətnamədən çıxarışı elan etdiyi formada deyil, hotelin boşaldılması hissəsində “bu şəxslər tərəfindən” sözünü çıxararaq tərtib edib. Məhz bu səbəbdən də Məhkəmə Hüquq Şurasına şikayət etdik. Qətnamənin elanı ilə çıxarışın məzmununun müqayisə edilməsi və qanun pozuntusuna qiymət verilməsini xahiş etdik. Bu hallar hakim tərəfindən yol verilmiş kobud qanun pozuntusudur”, - deyə vəkil açıqlamasında bildirib.
İlkin Muradov
Musavat.com