Sabiq nazirin həbsdəki qardaşı məhkəmədə son sözünü dedi, amma hökm oxunmadı
Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı növbəti dəfə hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1965-ci il təvəllüdlü Əhmədov Əvəz Hüseyn oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Əvəz Əhmədov son söz deyib. O, elan olunmuş ittihamla özünü təqsirli bilməyib.
Qeyd edib ki, günahsız olduğu məhkəmə istintaqında da sübuta yetirilib: "Siz olanları gördünüz. İnanıram ki, ədalətli qərar verəcəksiniz".
Məhkəmə müşavirədən sonra gözlənildiyi kimi hökmü elan etməyib. Hakim bildirib ki, iş üzrə istintaq qismən təzələnsin və işi aparan müstəntiq məhkəmədədindirilsin.Bu səbəbdən məhkəmə bu gün saat 17:00-də təxirə salınıb.
Xatırladaq ki, prokuror Əvəz Əhmədovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihamda göstərilir ki, Əvəz Əhmədov Hörmət Əsgərov adlı şəxsi özünə məxsus Sabunçu rayonu ərazisində yerləşən "Park Plyus" əyləncə mərkəzində girov götürüb. Hörmət Əsgərovdan ona borclu olduğu pulu tələb edib. Daha sonra isə Hörmət Əsgərovun qohumu Rəşad Tahirov həmin borcu qaytaracaqlarını söz verib və buna görə də Hörmət Əsgərovun sərbəst buraxıb.
İttihama görə, Əvəz Əhmədov hədə-qorxu ilə Rəşad Tahirovdan 140 min dollar alıb. Elan olunmuş ittihamla Əvəz Əhmədov özünü günahkar bilməyib.
Bildirək ki, sabiq nazirin qardaşı Əvəz Əhmədov hədə qorxu ilə pul tələb etmədə təqsirləndirilir. Zərərçəkmişlər Rəşad Tahirov və Hörmət Əskərovdur. O, hər iki şəxsdən 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir. Əvəz Əhmədov Cinayət Məcəlləsinin 182.3.2-ci və 145-ci maddələri ilə ittiham olunur.
Zərərçəkmişlərdən Hörmət Əskərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci il dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib. Bildirək ki, Hörmət Əskərov da həbsdədir. O, dələduzluğa görə həbs edilib.
Xatırladaq ki, Əvəz Əhmədov qardaşı general-leytenant Əhməd Əhmədovun vəzifədən çıxarılmasından sonra həbs edilib. Bildirək ki, Əvəz Əhmədov hər iki zərərçəkmişlə barışıb.
İlkin Muradov
Musavat.com