azia.az
azia.az

“Türkiyə şirkətləri niyə Qarabağdadır” deyənlərə cavab - düşmən və dəstəkçiləri şokdan çıxa bilmir

28-10-2021, 09:11


Azərbaycan işğaldan azad olunan ərazilərin bərpası, iqtisadiyyatın qurulması prosesində Türkiyə ilə geniş əməkdaşlıq etmək niyyətindədir. Bugünlərdə Zəngilan və Qubadlı rayonlarında aparılan işlərdə Türkiyə şirkətlərinin iştirakına dair açıqlanan məlumatlar göstərir ki, qardaş ölkələr bərpa və inkişafda da müharibədə olduğu kimi, əl-ələ verirlər.
“Türkiyə şirkətləri niyə Qarabağdadır” deyənlərə cavab - düşmən və dəstəkçiləri şokdan çıxa bilmir
Oktyabrın 26-da Zəngilan rayonunda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Dost Aqropark”ın təməlini qoyublar. Açıqlanan məlumatlardan aydın olur ki, türk və azərbaycanlı sərmayədarlar tərəfindən Zəngilanda həyata keçiriləcək “Dost Aqropark” layihəsi üç mərhələdə icra olunacaq. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq.

Türkiyə Prezidenti Azərbaycandan dönərkən jurnalistlərin suallarına cavab verib. Bildirib ki, Türkiyə Qarabağda dağıntıların nəticələrinin aradan qaldırılmasına böyük əhəmiyyət verir. O, işğaldan azad edilmiş ərazilərdə ağıllı kənd təsərrüfatı layihələrinin icra olunacağını diqqətə çatdırıb. Ərdoğan dağıntıların nəticələrinin aradan qaldırılması üçün modern tikinti üsullarına əhəmiyyət verildiyini vurğulayıb. Türkiyə dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyduqlarını xatırladıb: “30 ilə yaxın davam edən işğaldan sonra azad edilən bölgələrdə kənd təsərrüfatı istehsalı müasir üsulla həyata keçiriləcək. Ürəkdən inanıram ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri yaxın zamanda bölgədə nümunəvi istehsal mərkəzinə çevriləcək”.

İlham Əliyev və Ərdoğan Zəngilanda “Dost Aqropark”ın təməlini qoyublar - FOTOLAR

Ərdoğan qeyd edib ki, ağıllı kənd təsərrüfatı layihəsi ilə bağlı araşdırmalar aparılıb və bu istiqamətdə intensiv işlər görülür: “Biz şəxsən gördük ki, heyvandarlıqla bağlı necə uğurlu iş gedir. Bununla yanaşı, minalardan təmizləmə işləri də davam edir. Minalardan təmizlənmiş ərazilərdə kənd təsərrüfatı və heyvandarlıq sahəsində həm Azərbaycan, həm də Türkiyə üçün mənfəət gətiriləcək işlər həyata keçirilir. İndiki məqamda əkinçilik və heyvandarlıqda çox ciddi sıçrayış olacaq”.

Türkiyə Prezidenti Zəngilanda

Türkiyə Prezidenti ölkənin bərpa prosesində iştirakından məmnun olduğunu bildirib: “Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirak etməkdən qürur duyur”. Ərdoğan Azərbaycana səfəri zamanı işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və abadlıq işlərini yaxından gördüyünü qeyd edib.

O, Füzuli Beynəlxalq Hava Limanının fəaliyyətə başlaması ilə mühüm hava nəqliyyatı marşrutunun həyata keçirilməsinə diqqət çəkib. Ərdoğan əlavə edib ki, Füzuli aeroportu təkcə Azərbaycan üçün deyil, ümumilikdə Qafqaz üçün nəqliyyat sahəsində böyük potensiala malikdir: “Bölgədə yol tikintisi ilə bağlı rəsmilərimizdən və əməkdaşlarımızdan məlumat aldıq. Türkiyə olaraq regional sülh və sabitliyin qurulmasında nəqliyyat xətlərinin əhəmiyyətini hər zaman vurğulamışıq”.

Türkiyə Prezidenti həmçinin işğaldan azad olunan Azərbaycan torpaqlarının turizm potensialının da yüksək olduğunu bildirib. Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxışı zamanı o deyib: “Qarabağ və Şuşada ciddi bir ”turizm partlayışı" baş verəcək".

Türkiyə şirkətlərinin azad olunmuş ərazilərdə turizmin inkişafına cəlb olunması yalnız o bölgənin deyil, bütövlükdə Azərbaycan turizminin sürətli inkişafına təkan verə bilər. Yəqin ki, qardaş ölkənin turizm sektorunun dünyanın ən qabaqcıl təcrübəsinə malik olduğunu yazmağa ehtiyac yoxdur.

Türkiyə aqrar sahədə də böyük nailiyyətlərə imza atan ölkələrdəndir. Son illərdə Türkiyənin kənd təsərrüfatı istehsalı davamlı artım dinamikası nümayiş etdirməkdədir. Ölkənin aqrar istehsalının 80 faizə qədəri bitkiçilik, 20 faizə qədəri isə heyvandarlıq məhsullarından ibarətdir.

2016-2020-ci illərdə Türkiyənin kənd təsərrüfatı ixracı 27,4 faiz artmaqla 20,7 milyard dollara çatıb. Kənd təsərrüfatı istehsalını sürətlə artıran Türkiyə bu məhsulların bir qismini xaricdən idxal edir. 2020-ci ildə ölkə xaricdən 2019-cu ildəkindən 20,3 faiz çox olmaqla 15,2 milyard dollarlıq kənd təsərrüfatı məhsulu idxal edib. Qeyd edək ki, Türkiyədə kənd təsərrüfatı məhsullarının emalı, onlardan sənaye üsulu ilə müxtəlif məhsulların istehsalı yüksək inkişaf edib. İnkişaf etmiş bu sahələrin xammal tələbatını ödəmək üçün bir çox hallarda daxili istehsal yetərli olmadığına görə idxala ehtiyac yaranır. Bütün bunlar göstərir ki, işğaldan azad olunan ərazilərimizdə aqrar sektorun inkişafı prosesinin Türkiyə təcrübəsi əsasında həyata keçirilməsindən Azərbaycan ciddi dividentlər əldə edə bilər.

Türkiyə şirkətlərinin azad olunan ərazilərdəki infrastruktur layihələrinə - yol tikintisi, yaşayış məntəqələrinin salınması və sair işlərə cəlb olunması bəzi hallarda qeyri-adekvat qarşılanır. Bir sıra mütəxəssislər ümumilikdə bərpa prosesində sifarişlərin açıq tenderlər vasitəsilə verilməməsinə etiraz edirlər. Bu etirazları isə bəzi qüvvələr Türkiyə şirkətlərinə qarşı yönəltməyə çalışırlar. Halbuki mütəxəssislər bütövlükdə bərpa prosesinin açıq, şəffaf üsullarla aparılmasını təklif edirlər. Türkiyə şirkətlərinin bütün sahələrdə inkişaf etmiş təcrübəyə malik olduğu hər kəsə aydındır. Bu baxımdan, kimlərinsə ümumi tənqidləri qardaş ölkəyə qarşı yönəltmək cəhdi ölkəmizin mənafeyi baxımından, yumşaq desək, qeyri-adekvat yanaşmadır.

Deputat Vüqar Bayramov: "Şuşa tezliklə tarixi gözəlliyinə qovuşacaq" » Reyting.az

Deputat Vüqar Bayramov: “Belə qabaqcıl təcrübənin azad olunan ərazilərdə tətbiqi bizə böyük səmərə gətirə bilər”

İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdəki bərpa prosesinə cəlb olunan xarici şirkətlər mənsub olduqları ölkələrin müqayisəli üstünlüyə malik olduğu sahələrdə çalışırlar: “Yəni hər şirkət özünün üstün olduğu sahə üzrə işlərə cəlb olunur. O cümlədən də Türkiyə şirkətləri ixtsaslaşmış olduqları sahələr üzrə layihələrdə çalışırlar. Məsələn, Türkiyə yol tikintisi, inşaat sahəsində qabaqcıl təcrübəyə sahibdir. Burada həmin sahələrdə Türkiyədə təcrübəyə və üstün bacarıqlara sahib şirkətlər çalışır. Yaxud götürək kənd təsərrüfatını. Türkiyə fermerləri, şirkətləri xüsusilə əkinçilik sahəsində böyük nailiyyətlər əldə ediblər. Belə qabaqcıl təcrübənin azad olunan ərazilərdə tətbiqi bizə böyük səmərə gətirə bilər”.

Millət vəkili bildirir ki, Türkiyə şirkətləri yaxın gələcəkdə işğaldan azad olunan ərazilərdə turizm sahəsinə investisiya qoymağı planlaşdırırlar: “Bu sahəyə özəl investisiyaların cəlbi nəzərdə tutulur. Müqayisəli üstünlüyə malik Türkiyə şirkətlərinin azad olunan ərazilərdə turizmə investisiya yatırmasından yalnız fayda görə bilərik”.

AZER AYXAN.jpg (94 KB)

Azər Ayxan: “Ərdoğanın Qarabağa hər səfəri bizi Türkiyə qədər böyüdür, gücləndirir, düşməni isə ikiqat zəiflədir”

“Yeni Müsavat” qəzetinin baş redaktoru Azər Ayxan Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin ölkəmiz üçün gətirdiyi iqtisadi, siyasi, hərbi, texnoloji dvidentlər qarşılığında qardaş ölkənin iqtisadiyyatımızın hər sahəsində yer almasının az belə olduğu fikrindədir: “Bəzi ağzıgöyçəklər Türkiyə şirkətlərinin Qarabağda çalışmalarını tənqid edir, bunu başqa yerlərə yozurlar. Tender söhbəti-filan deyirlər. Guya şəffaflıq təmin edilmir bu şirkətlərin ihalə qazanmalarında. Yaxud bunu Ərdoğanın şəxsi maraqları çərçivəsində dəyərləndirirlər. Guya Ərdoğan minalanmış, viran edilmiş Qarabağ kəndlərindən pul qazanmaq istədiyi üçün şirkətləri bura göndərir. 80 milyonluq Türkiyədə pul qazanmaq mümkün deyilmi, o şirkətlər Azərbaycanın ən riskli bölgəsinə gəlib, çalışsınlar?! İki türk cümhuriyyəti arasındakı qlobal sürəci, yaxınlaşmanı, bütövləşməni, az qalsın, ”tək millət, tək dövlət" konsepsiyasına keçidi gözdən salmağa çalışmaq ölkə və millətlə düşmənlik etməyə bərabərdir".

Azər Ayxan deyib ki, Türkiyə Qarabağ savaşında Azərbaycana hər turlu dəstək verəndə tender və şəffaflıq aşiqləri haradaydılar? Baş redaktor deyib: “”Bayraktar" ermənilərin başına od ələyəndə, F-16-lar ölkəmizin səmasında uçub düşmənə gözdağı verəndə, türk hərbçiləri Bakıda, Şuşada “Mehter marşı”nın sədaları ilə addımlayanda kimsə demirdi ki, o silahlar hansı yolla gəlib Azərbaycana, o təyyarələrin nə işi var burada, o əsgərləri niyə çağırmışıq?! Əksinə, alqışlayırdıq, sevinirdik, qürurlanırdıq, özümüzü güclü hiss edirdik. İndi Türkiyə şirkətləri Qarabağda yol çəkilişində, kənd təsərrüfatı sahəsində, yataqların işlənməsində və sair projelərdə iştirak edəndə dərhal şəffaflıq damarınız qabarır?"

Azər Ayxan daha sonra bunları bildirib: “Ağdamda Monitorinq Mərkəzindəki Türkiyə hərbçilərinin təmsilçiliyini yada salaq. Bizi ruslarla baş-başa buraxmadı sayın Ərdoğan. Qarabağı gecə-gündüz gözətləyir Türkiyə Cümhuriyyəti və onun sayğıdəyər prezidenti. Göz bəbəyi kimi qoruyur bu yaralı torpaqları Türkiyə hərbçiləri”.

A.Ayxan qeyd edib ki, qardaş ölkənin hər sahədə varlığı ilk növbədə Azərbaycanın özünə lazımdır: “Türkiyə hər şeyi ilə Azərbaycanda olmalıdır! Dostlarımız qədər bizi sevməyən ölkələr də var. Türkiyə kimi qüdrətli dövlətin burada olmasının bizə böyük faydaları toxunur. Biz Türkiyədən çox şeylər öyrəndik. Ən yaxşı, vətənpərvər, işinin uzmanı olan zabitlərimiz Türkiyədə yetişdi. Ən yaxşı həkimlərimiz Türkiyə universitetlərinin məzunudur. Ən yaxşı mühəndislərimiz də, həmçinin, Türkiyədə oxuyub, öyrənib. Türkiyə mədəniyyətindən hərbinə, kənd təsərrüfatından bankçılığına kimi Azərbaycanda olmalıdır. Bu, təkcə siyasi baxımdan bizə sərfəli deyil, iqtisadi və digər maraqlar baxımından da lazımdır. Ərdoğanın Qarabağa hər səfəri bizi Türkiyə qədər böyüdür, gücləndirir. Düşmənlərimizi də bundan iki qat artıq zəiflədir, ümidsizləşdirir. Durumu bundan artıq daha necə ifadə etmək olar?!”

Dünya SAKİT,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi