İki liderin tarixi Şuşa səfəri: Qarabağdan bu mesajlar veriləcək
Deputat Aydın Mirzəzadə Musavat.com-a bildirdi ki, Türkiyə rəhbəri Ərdoğanın hər səfəri Azərbaycanda alqışlanır: “Çünki Azərbaycana dost gəlir, qardaş gəlir. Cənab Ərdoğan hər zaman Azərbaycanın maraqlarını öz ölkəsinin maraqları qədər qoruyan liderdir və belə bir şəxs indi ölkəmizə təşrif buyurur. Onun Qurtuluş Günü səfər etməsi həm də ulu öndər Heydər Əliyevə hörmət əlamətidir. Digər tərəfdən, hörmətli Ərdoğan Azərbaycana növbəti səfərində Şuşada olacağını bildirmişdi. Türkiyə prezidenti işğaldan azad edilən əraziyə ilk səfər edən xarici dövlət başçısı olacaq. Bunun da rəmzi mənası var”.
A.Mirzəzadənin sözlərinə görə, Türkiyə 44 günlük müharibədə bizə siyasi və diplomatik dəstək verib, qələbədən sonra Ərdoğan Bakıda keçirilən Zəfər Paradında iştirak edib: “Bu gün də işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinə Türkiyə böyük dəstəyini verir. İstər ərazilərin minalardan təmizlənməsi, istər Füzuli-Şuşa yolunun çəkilməsi, həmçinin köçkünlərin torpaqlarına qayıdışı üçün infrastruktur işlərinə yardım edirlər”.
Deputat qeyd etdi ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır və türk dünyası üçün qiymətli bölgə kimi qəbul olunur: “Hörmətli Ərdoğandan sonra digər türkdilli dövlətlərin rəhbərlərinin də Şuşaya səfəri gözlənilir. Bu, Ərdoğanın Şuşaya verdiyi qiymətdir. Məhz ilk yatırım da Türkiyədən oldu. MHP lideri Dövlət Bağçalı partiyanın vəsaiti hesabına Şuşada məktəb tikiləcəyini açıqlayıb. Mümkündür ki, Ərdoğanın səfəri zamanı Azərbaycanla qardaşlıq nümunəsi olaraq digər layihələr də açıqlansın. Bir sözlə, Türkiyə prezidenti xoş gəlir. Hər bir azərbaycanlı bu səfəri alqışlayır”.
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli hesab edir ki, bu səfəri tarixi hadisə kimi qiymətləndirmək lazımdır. Onun sözlərinə görə, söhbət ondan getmir ki, hansısa sənəd imzalanacaq, bu səfər özlüyündə Türkiyənin Azərbaycana münasibətini ifadə edəcək: “Düşünürəm ki, səfər iki ölkə arasında hərbi-siyasi ittifaqın daha da genişlənməsini zəmin yaradacaq. Eyni zamanda, Ərdoğanın gəlişi ilə Şuşanın bir mədəniyyət paytaxtı olduğunu Rusiyaya, Ermənistana, dünyaya bir mesaj vermiş olacağıq”.
Siyasi şərhçi Asif Nərimanlının fikrincə, siyasi mesaj baxımından, Ermənistanın gələcəyi, eləcə də regiondakı proseslərin inkişafı müəyyənləşən zaman Ərdoğanla Əliyevin Şuşa səfəri, futbol matçını seyr etməsi xüsusilə maraqlı olacaq.
Emil Salamoğlu,