azia.az
azia.az

Anar Kazımov: "Dini radikalizm və onun fəsadlarına qarşı dövlətimiz tərəfindən ciddi mübarizə aparılır"

4-06-2016, 06:53

Anar Kazımov: "Dini radikalizm və onun fəsadlarına qarşı dövlətimiz tərəfindən ciddi mübarizə aparılır" İyunun 3-də Binəqədi rayonunda “Dini radikallığa və ekstremizmə qarşı effektiv mübarizə yolları” adlı konfrans keçirilib.

Gün.Az-ın məlumatına görə, konfransda Azərbaycanda tolerantlıq mühiti, radikal dini cərəyanların, ekstremizmin təbliğatında gəncləri özünə cəlb edən cəhətlər və buna qarşı profilaktik tədbirlər- radikal dini qrupların təbliğatına qarşı dini icmalarla, dövlət orqanları və vətəndaş cəmiyyətinin səylərinin birləşdirilməsi, radikallığa qarşı mübarizədə düzgün maarifləndirmə işinin təşkili məsələləri müzakirə olunub.

“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyevin aparıcısı olduğu konfransda AMEA Fəlsəfə İnstitutunun Multikulturalizm şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elsevər Səmədov geniş məruzə ilə çıxış edib.

Məruzədən sonra tədbirdə iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov çıxış edərək, dini radikalizm və onun fəsadlarına qarşı dövlətimiz tərəfindən aparılan mübarizə tədbirləri haqqında məlumat verib.

Görülən tədbirlər çərçivəsində dini maarifləndirməyə xüsusi önəm verildiyi vurğulanıb.

Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov isə öz nitqində bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəldilmiş pozuculuq fəaliyyətlərindən bəhs edərək, dövlətimizin bu kimi neqativ halların qarşısını almağa qadir olduğunu bildirib.

Daha sonra məruzə ətrafında rayon din xadimləri, ziyalıları və fəal gəncləri tərəfindən müzakirələr davam etdirilib.

Konfransın sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan və dini radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filminin nümayişi həyata keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi