UTECA əməkdaşları “Erasmus+ EQAC” layihəsinin Londonda baş tutan növbəti təlimində iştirak ediblər
Azia.az-a verilən məlumata görə:Azərbaycan Texnologiya Universitetinin (UTECA) nümayəndə heyəti Bakı Biznes Universitetinin koordinatoru olduğu Avropa Komissyasının Erasmus+ proqramının EQAC layihəsi (Azərbaycan Universitetlərində Keyfiyyətin təminatı mərkəzlərinin qurulması) çərçivəsində Londonda təşkil olunan təlimlərdə iştirak ediblər. Təlimlərdə universitetimizi tədris işləri üzrə prorektor Vüqar İsmayılov, Keyfiyyətin təminatı şöbəsinin müdiri Asiman İlyasov, Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Babək Həsənov, Keyfiyyətin təminatı şöbəsinin mütəxəssisi Jalə Həmzəyeva təmsil ediblər.
UTECA əməkdaşlarının Azərbaycanın 11 ali təhsil müəssisəsindən olan nümayəndələrlə birgə iştirak etdiyi təlimlərin əsas mövzusu universitetlərdə keyfiyyətin təminatı sisteminin qurulması olub.
Azərbaycanın tərəfdaş universitetləri İngiltərədə Middlesex Universitetinin Keyfiyyətə nəzarət mərkəzində olaraq qurumun iş prinsipi ilə maraqlanıblar. Mərkəzin direktoru və koordinatorları fəaliyyətləri ilə bağlı təqdimat keçiriblər.
Təlimlərdə universitetlərimiz tərəfindən hazırlanmış hesabatlar xarici ekspertlərlə birgə müzakirə edilib, mərkəzin strukturunun formalaşması və inkişafı üçün görüləcək işlər barədə fikir mübadiləsi aparılıb. EQAC layihəsi çərçivəsində növbəti təlimlərin İspaniyada keçirilməsi nəzərdə tutulub.
Aybəniz Abdulova