Fransa səfiri ADİU-nun qış məktəbinin açılışında iştirak edib
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) müəllimləri üçün qış məktəbinə start verilib.
ADİU-nun mətbuat xidmətindən verilən məlumata görə, universitetin Quba Tədris, İdman və İstirahət Kompleksində təşkil olunan məktəbin rəsmi açılış mərasimində Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez iştirak edib.
Rektor Ədalət Muradov təhsilverənlərin elmi-pedoqoji biliklərinin artırılması, müasir tədris bacarıqlarını inkişaf etdirilməsi məqsədi ilə təşkil edilən qış məktəbinin təhsil naziri Mikayıl Cabbarovun təşəbbüsü ilə həyata keçirildiyini bildirib və bu gün start verilən təlimlərin “Universitet Sistemində İnteraktiv Təhsil” mövzusuna həsr edildiyini qeyd edib.
Bildirək ki, Paris Sorbon Universiteti – Abu Dabi professoru Florent Pratlongun keçdiyi təlimlərdə İqtisad Universitetinin 100 müəllimi iştirak edir.
Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez Fransanın təhsil sektorundan söz açıb və dünyanın nüfuzlu ali təhsil ocaqlarından biri olan Paris Sorbon Universitetinin təcrübəsindən yararlanmağın müsbət tərəflərindən danışıb.
Tədbirdə qış məktəbinin davamlı olacağı bildirilib. Növbəti mərhələdə Türkiyənin Uludag Universitetinin professoru Ercan Dülgeroğlu universitetin 30 müəlliminə təlim keçəcək. Bundan başqa, ADİU-nun 15 professoru Türkiyənin ali təhsil sistemi ilə yaxından tanış olmaq üçün Türkiyəyə ezam edilib. Eyni zamanda, universitetdə nümunəvi dərslərə start verilib. Nümunəvi dərslərdə universitetin professor və kafedra müdirləri öz biliklərini universitetin gənc müəllim və əməkdaşlarına ötürürlər.